REGİONLAR


O qanlı gecədə xalqımız öz azadlığını hər şeydən uca tutduğunu bir daha sübut etdi VİDEO

Göyçay, 20 yanvar, Şahnəzər Bəşirov, AZƏRTAC

Yanvarın 20-də Göyçay rayonundakı “Şəhidlər” abidə kompleksinin önündə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində Şəhidlər xiyabanında həzin musiqi səsləndirilib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivi, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə, eləcə də şəhid məzarları üstünə əklil və gül dəstələri düzüb, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini hörmətlə anıblar. Sonra “Qurani-Kərim” oxunub, şəhidlərin ruhuna dualar edilib.

Ümumrayon anım mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, o qanlı şənbə gecəsində xalqımız öz müstəqilliyini və azadlığını hər şeydən uca tutduğunu bir daha sübut edib. M.Səlimzadə 27 il əvvəl keçmiş sovet ordusunun Bakı şəhərində törətdiyi qanlı cinayətləri yada salıb. 1990-cı il yanvarın 19-dan 20–nə keçən gecə sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətdən danışıb. Qeyd edib ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxıb, faciəni törədənləri cəsarətlə lənətləyib və hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini alıb, hadisənin əsl mahiyyəti dünyaya çatdırılıb.

Sonra rayon icra hakimiyyətinin işçiləri qanlı şənbə gecəsində düşmən gülləsinə tuş gələn və ölümsüzlüyü ilə şəhidlik zirvəsinə ucalan göyçaylı Rauf İsayev və Mehman Muradovun ailə üzvləri ilə, sağlamlığını itirmiş II qrup əlil Fərhad Bayramovla görüş keçirib, onların ailəsinə ərzaq yardımı verilib, qayğı və problemləri ilə maraqlanıblar. Daha sonra onların təhsil aldığı orta məktəblərdə anım mərasimləri təşkil olunub. Göyçay şəhərindəki iki məsciddə dini mərasimlər keçirilib.

X X X

Mingəçevir Turizm Kollecində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Kollecin Heydər Əliyev adına İdeoloji Mərkəzində keçirilən “20 Yanvar hüzn və milli qürur günümüzdür” adlı elmi nəzəri konfransda təhsil ocağının direktoru, professor Əyyub Əyyubov çıxış edərək 1990-cı il yanvarın 20-də baş verən hadisələrin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu vurğulayıb. Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd edən Əyyub Əyyubov ulu öndər Heydər Əliyevin həmin faciəli günlərdə xalqı ilə birgə olduğunu və sovet ordusunun törətdiyi terror hadisələrinə qəti etiraz etdiyini diqqətə çatdırıb.

Konfransda 20 Yanvar faciəsi ilə bağlı məruzələr dinlənilib. Sonra kollecin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, tələbələrə faciəni əks etdirən kitablar, jurnallar və bukletlər paylanılıb. Sonda 20 Yanvar hadisələrindən bəhs edən film göstərilib.

X X X

Qəbələ rayonunda da 20 Yanvar faciəsinin qurbanları ehtiramla yad edilib.

Yanvarın 20-də rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, gənclər Şəhidlər xiyabanında faciə qurbanlarının xatirəsini yad ediblər. Abidə kompleksi önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edənlər 27 il əvvəl sovet ordusu tərəfindən törədilən faciənin dəhşətlərindən danışıb, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıblar. Daha sonra Heydər Əliyev Mərkəzində faciə qurbanlarına həsr edilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib, məscidlərdə dini mərasim keçirilib, şəhidlərin ruhuna dualar oxunub.

X X X

Ağdaş rayonunda mədəniyyət və təhsil işçiləri, eləcə də mərkəzi kitabxananın və gənclər kitabxanasının kollektivi, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına toplaşaraq 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Faciənin 27-ci ildönümü ilə əlaqədar keçirilən “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbirə toplaşanlar əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək məzarları önünə qərənfillər qoyublar.

Həmçinin mərasimdə 20 Yanvar şəhidlərindən olan və qədim Ağdaş torpağının yetirməsi Müşfiq İsayevin xatirəsi ehtiramla yad edilərək onun həyat yolu haqqında danışılıb. Tədbirdə “20 Yanvar” faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində şanlı səhifələrdən biri olduğu qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.