REGİONLAR


Obalarda kütləvi tibbi müayinələr aparılır

A+ A

Naxçıvan, 15 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin cari ilin iş planına uyğun olaraq, yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidməti davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordubad Rayon Mərkəzi Xəstəxanasının terapevt, kardioloq, cərrah, stomatoloq və pediatrlardan ibarət çoxprofilli həkim briqadası Göygöl ərazisindəki yaylaqlarda məskunlaşan heyvandarlara baş çəkib.

Hazırda təkcə “Tüklü çəmən” yaylağında 6 oba məskən salıb. Onların öhdəsində 3 min başa yaxın mal-qara, qoyun-quzu var. Çadırlarda Kəngərli rayonunun Çalxanqala kəndindən gələn fermer və çobanlar Elyaz, Knyaz və Tahir Abdullayevlərin 18 ailə üzvü yaşayır. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunub, pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələr aparılıb. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunub, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilib.

Heyvandarlar onlara göstərilən tibbi xidmət üçün minnətdarlıqlarını bildiriblər.

Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən obalarda dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilib.

Şahbuz Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası isə Kükü kəndi ərazisindəki Qanlıgöl yaylağında olub. Burada, əsasən, Şərur rayonundakı Mahmudkənd və Kəngərli rayonundakı Xok kəndlərindən gələn heyvandarlar məskunlaşıblar. Terapevt, LOR, cərrah, stomatoloq və pediatrlardan ibarət həkim briqadası heyvandarları və onların 20 çadırda məskunlaşan ailə üzvlərini, bütövlükdə, 42 nəfəri profilaktik tibbi müayinələrdən keçirib, ilkin tibbi yardım üçün dərmanlar paylayıb.

Culfa Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin həkim briqadası isə ucqar dağ kəndi Ləkətağda olub. Dəmirli yaylağında məskunlaşan heyvandarların əksəriyyəti Babək rayonunun Nehrəm və Culfa rayonunun Camaldın kəndlərindən gələrək mövsümü burada keçirirlər. Həkim briqadası heyvandarları tibbi müayinələrlə əhatə edib, dezinfeksiya tədbirləri həyata keçirib, sanitar maarifi işi aparıb.

Briqadaların fəaliyyəti zamanı mövsümi xəstəliklər, ilan, əqrəb sancması və ilkin tibbi xidmətin təşkili barədə səhiyyə maarifi işi aparılıb.

Şərur Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin həkim briqadası isə həftə ərzində rayonun Tənənəm yaylağında heyvandarlara baş çəkəcək.

Müayinələr mövsüm boyu davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.