İQTİSADİYYAT
Ödəniş kartları sahəsində risklərin idarə olunması üzrə bank ictimaiyyətinin nümayəndələri ilə görüş
Bakı, 22 iyul, AZƏRTAC
Ödəniş alətləri vasitəsilə keçirilən əməliyyatlar sahəsində risklərin effektiv və səmərəli idarə olunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədə fırıldaqçılıq əməliyyatlarının həcminin tədricən azalması, beynəlxalq kart təşkilatlarının da analitik məlumatları əsasında Azərbaycan bu sahədə digər ölkələrlə müqayisədə aparıcı yerlərdən birini tutub.
Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ölkədə ödəniş kartlarının istifadəsi üzrə risklərin idarə olunması və bu sahədə fırıldaqçılığa qarşı effektiv mübarizə metodlarının müzakirə edilməsi məqsədilə keçirilən tədbirdə bildirilib.
Tədbirdə qeyd olunan qurumların mütəxəssisləri ilə birlikdə ödəniş kartları üzrə iri emitent və ekvayer şəbəkələrinə malik kommersiya banklarının nümayəndələri, Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə ekspert Qrupu"nun və "İT üzrə ekspert Qrupu"nun mütəxəssisləri iştirak ediblər. Görüşdə Mərkəzi Bank tərəfindən ödəniş kartları ilə əməliyyatlar üzrə baş verən fırıldaqçılıq halları üzrə ölkədə son vəziyyət, bu sahənin tənzimlənməsi istiqamətində mövcud qanunvericilik üzrə tələblər və tövsiyələr barədə məlumat verilib.
İştirakçılara dələduzlar tərəfindən ən son texnologiyalardan istifadə etməklə aparılan fırıldaqçılıq əməliyyatlar, bankomat və digər ödəniş vasitələrinə qeyri-qanuni müdaxilələr və bunun qarşısının alınması üçün tətbiq edilən preventiv tədbirlər üzrə beynəlxalq təcrübə haqda məlumatlar verilib. Həmçinin bütün banklarda bu sahə üzrə əhatəli, proaktiv və çevik riskləri idarəetmə sisteminin olmasının zəruriliyi diqqətə çatdırılıb.
Eyni zamanda, tədbirdə ödəniş alətləri vasitəsilə keçirilən əməliyyatlar sahəsində risklərin effektiv və səmərəli idarə olunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədə fırıldaqçılıq əməliyyatlarının həcminin tədricən azalması və beynəlxalq kart təşkilatlarının da analitik məlumatları əsasında Azərbaycanın bu sahədə digər ölkələrlə müqayisədə aparıcı yerlər tutduğu qeyd olunub.
Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının bu istiqamətdə səylərin gücləndirilməsi məqsədilə birgə fəaliyyət göstərməsi razılaşdırılıb.