İQTİSADİYYAT
“Odlar Yurdu Sığorta Brokeri” MMC-nin fəaliyyətində nöqsanlar aşkarlanıb
Bakı, 12 avqust, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta bazarının maliyyə dayanıqlılığının artırılması və istehlakçıların hüquqlarının qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir. Palata özünün mandatı çərçivəsində "Odlar Yurdu Sığorta Brokeri" MMC tərəfindən sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasının müəyyənləşdirilməsi məqsədilə yoxlama tədbirləri həyata keçirib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yoxlama nəticəsində sözügedən cəmiyyətdə müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim olunması, o cümlədən istehlakçılar qarşısındakı vəzifələrin tam icra edilməməsi və digər nöqsanlara yol verilməsi faktları aşkar olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə MBNP tərəfindən "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq tələblər formalaşdırılıb və "Odlar Yurdu Sığorta Brokeri" MMC-yə təqdim edilib.
Bundan əlavə, MBNP digər sığorta vasitəçiləri tərəfindən qanunvericilik tələblərinə riayət edilməsi istiqamətində həyata keçirdiyi monitorinqləri davam etdirir. Monitorinqlərin nəticəsi olaraq yüzə yaxın fiziki şəxs sığorta agentlərinə təqdimatlar verib və onlar tərəfindən qanunvericilik tələblərinin təkrarən pozulması halları aşkar edildikdə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların ləğv ediləcəyinə dair xəbərdarlıq olunub.