REGİONLAR
Oftalmoloji xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Naxçıvan, 24 iyun, AZƏRTAC
Milli Oftalmologiya Mərkəzinin müasir avadanlıqlarla təchiz olunması, kadr potensialının gücləndirilməsi dünyada aparılan bütün növ əməliyyatların bu səhiyyə müəssisəsində də həyata keçirilməsinə şərait yaradıb. Artıq həmvətənlərimizin yüksəkixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməsinə ehtiyac qalmayıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerli oftalmoloq-həkimlər üçün keçirilən maarifləndirici seminarda səsləndirilib.
Tədbirdə mərkəzin direktoru, respublikanın baş oftalmoloqu, Əməkdar Elm Xadimi Elmar Qasımov, mərkəzin direktor müavini Ceyhun Nəzərli, həkim-oftalmoloqlardan Humay Bayramova, Fərəh Abduləliyeva, Müşfiq Kərimov, Xaliq Əliyev, endokrinoloq Oqtay Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, 70 ildən çoxdur fəaliyyət göstərən mərkəz milli oftalmologiya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin ixtisaslaşdırılmış oftalmoloji xidmət ilə təmin edilməsinə yönəldilmiş çoxillik fəaliyyətə əsaslanır. Vurğulanıb ki, yaradılmış şərait nəticəsində Azərbaycanda oftalmoloji xidmət inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyasını tətbiq etməklə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Maarifləndirici tədbirdə təcrübə mübadiləsi aparılıb, göz xəstəliklərində müasir müayinə və müalicə üsulları barədə məlumat verilib.
Xatırladaq ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqları, anestezioloqları, rezident-həkimləri, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqadası son üç ay ərzində Naxçıvan Muxtar Respublika Xəstəxanasında dördüncü dəfə humanitar tibbi aksiya keçirir.
İyunun 22-dən başlayaraq üç gün davam edəcək növbəti aksiya zamanı müxtəlif göz problemlərindən əziyyət çəkən, ümumilikdə, 200-dən çox xəstənin müayinə və müalicəsi, 15 nəfərin cərrahi əməliyyatı nəzərdə tutulub.