CƏMİYYƏT


Oftalmoloq Faiq Orucoğlu: Türkiyədə yaxşı ad-san qazanan xeyli azərbaycanlı həkim var

Bakı, 6 iyun, AZƏRTAC

-Bir dəfə gözü dünya işığını itirən yaşlı bir xəstə əməliyyatdan sonra nəvəsini görəndə "Sən necə də böyümüsən" deyib təəccüblənmişdi, astiqmatizmi olan digər bir xəstə isə görmə qabiliyyəti bərpa olunandan sonra güzgüdə özünə baxıb "Üzümdə qırışlar əmələ gəldiyindən indiyə qədər xəbərim olmayıb," -dedi. Əsa ilə xəstəxanaya gələn, əməliyyatdan sonra gözləri dünya işığına açılan xəstənin boynuma sarılıb ağlamağını da unuda bilmirəm, -deyə qardaş Türkiyədə işləyən göz həkimi Faiq Orucoğlu xatırlayır.

Faiq ötən il 40 yaşı arxada qoyub. O, Bakının Xətai rayonundakı 257 nömrəli orta məktəbi bitirəndən sonra 1993-cü ildə Türkiyənin Kayseri şəhərində Ərciyəz Universitetinin tibb fakültəsini, 2003-cü ildə isə Mərmərə universitetini bitirib. Üç il İsrailin Yerusəlim şəhərində gözün buynuz qişası və lazer cərrahiyyəsi üzrə ixtisasını artırandan sonra yenidən Türkiyəyə qayıdıb. Əvvəlcə Cərrahiyə Klinikasında, az sonra "Qüdrət" göz xəstəxanasında işləyib. 2012-ci ildən İstanbuldakı birinci göz xəstəlikləri xəstəxanasında gözün buynuz qişası və lazer ixtisası şöbəsinin müdiri işləyib, ötən ildən isə həmin xəstəxananın baş həkimidir.

Cərrahlıq həyatında indiyədək 20 minə yaxın xəstə üzərində lazer əməliyyatı aparan Faiq Orucoğlu gözün buynuz qişası sahəsində ən yaxşı mütəxəssislərdən sayılır. Avropa, Asiya və Orta Şərq ölkələrindən şəfa tapmaq ümidi ilə onun yanına çoxlu xəstələr gəlir. İki dəfə xeyriyyə fondunun dəvəti ilə Sudanın Xartum şəhərində hərəsində iki həftə olmaqla kataraktadan əziyyət çəkən yüzlərlə xəstə üzərində cərrahiyyə əməliyyatı aparıb. Oftalmologiyanın ən çətin sahələrindən sayılan buynuz qişa əməliyyatları sahəsində ixtisaslaşan cərrah Ankarada Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin idarə heyətinin üzvü və dörd il dərnəyin gənc oftalmoloqlar qrupunun sədri olub.

-Keçən il 40 yaş həddini keçdiyimə görə qrupa yeni sədr seçildi. İndi həmin qrupa Sumqayıtdan olan soydaşımız Emin Əlihüseynli rəhbərlik edir, -deyə göz cərrahı söhbət açır. -İndi Türkiyədə ölkəmizdən olan xeyli həkim çalışır və onlardan bir qrupu ilə əlaqələrimiz var. Mən daha çox göz cərrahları ilə əlaqələr yaradır, əməkdaşlıq edirəm. Mənim çalışdığım oftalmoloji xəstəxanada daha bir həmyerlimiz Əli Əhmədoğlu da işləyir. Qardaş ölkədə plastik cərrah kimi Ayaz Aslan da çox yaxşı tanınır. Öz ixtisası üzrə yaxşı ad-san qazanan azərbaycanlı həkimlər görəndə çox sevinirəm.

Faiq Orucoğlu keçən il dosent elmi dərəcəsi alıb. İndiyədək onun 25-dən çox elmi məqaləsi Türkiyədə, 30-dan çox məqaləsi isə Avropa ölkələrində dərc olunub. Buynuz qişası və lazer əməliyyatları haqqında kitabın müəllifidir. Oftalmologiya haqqında yazdığı digər bir kitab isə bu ilin axırlarında işıq üzü görəcək.

İndiyədək bir sıra Avropa və Asiya ölkələrində 200-ə yaxın konfransda iştirakçısı olan göz cərrahının bu ilki səfər proqramı da genişdir. O, iyunun ilk günlərində Qırğızıstanın Oş şəhərində keçirilən konfransda diabet və göz xəstəlikləri mövzusunda məruzə oxuyub. İyunun 23-də isə Parisdə beynəlxalq konfransda Avropa ölkələrindən olan oftalmoloqlar qarşısında keratokonus xəstəliyi haqqında məruzə ilə çıxış edəcək. Sentyabrda Vyana, oktyabrda isə Portuqaliyanın Porto şəhərində keçiriləcək oftalmoloji konfranslara dəvət alıb.

O, Bakıdakı xəstəxanalarla da əməkdaşlıq edir. İki aydan bir dəfə paytaxtın klinikalarına gələrək ən mürəkkəb göz əməliyyatlarını icra edir. Faiq həkim son vaxtlar ölkə səhiyyəsində, xüsusilə göz cərrahiyyəsində böyük irəliləyişlərin olduğundan məmnunluq duyduğunu söylədi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.