CƏMİYYƏT


Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb

Bakı, 4 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşə Mühafizəsi və Bərpası müəssisələrinin ərazilərində meşəsalma tədbirlərinin və mühafizə işlərinin səmərəliliyinin nəzarətdə saxlanılması, qanun pozuntularının qarşısının alınması məqsədilə meşə sahələrində yoxlamalar aparmağa davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ETSN-in Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq, apreldə Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyəti araşdırılıb. On meşə dolayında həyata keçirilən yoxlama nəticəsində 2061,5 kubmetr həcmində 16 min 204,99 manat məbləğində qanunsuz qırıntı aşkar edilib. Aşkar olunmuş nöqsan və qanun pozuntularının qarşısının alınması, həmçinin belə halların bir daha təkrar olunmaması, iş və icra intizamının günün tələbi səviyyəsində təmin edilməsi məqsədilə departamentin müvafiq əmrinə əsasən dörd mühafizə işçisi işdən çıxarılıb, yeddi nəfər barəsində isə ciddi intizam tədbirləri görülüb. Habelə yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün araşdırma materialları Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Qanunsuz ağac kəsilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş istintaqdadır.

Aparılmış həmin yoxlamanın nəticələrinin müəssisənin fəaliyyətində dönüş yaradıb-yaratmamasını araşdırmaq məqsədilə iyunun 20-25-də nazirlikdə yaradılmış komissiya tərəfindən meşələrin qorunub mühafizə olunması vəziyyəti yenidən yoxlanılıb. Yoxlama zamanı doqquz meşə dolayında 292,52 kubmetr həcmində, 1834,3 manat dəyərində qanunsuz qırıntı aşkar edilib. Görülmüş intizam tədbirlərindən nəticə çıxarılmadığına, əksinə, qanunsuzluqlara təkrar yol verildiyinə görə, Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunması vəziyyətinin kompleks araşdırılıb başa çatdırılması məqsədilə növbəti dəfə geniştərkibli komissiya yaradılıb. Aparılacaq araşdırmaların obyektiv, hərtərəfli, tam həyata keçirilməsi və bu zaman kənar təsirlərin minimuma endirilməsi məqsədilə müəssisənin direktoru Bayram Umarov tutduğu vəzifədən azad edilib. Hazırda komissiya tərəfindən araşdırma davam etdirilir. Araşdırmalar tam yekunlaşdıqdan sonra digər cavabdeh meşə işçiləri barəsində də ciddi intizam tədbirləri görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.