REGİONLAR
Oğuz: baramaçılıqda bu il hədəf 4 tondur
Oğuz, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Oğuz rayonunda da ənənəvi sahələrdən olan baramaçılığa marağı xeyli artırıb. Uzun illər fasilədən sonra 2017-ci ildə rayonda yenidən barama yetişdirilməsinə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ilk mövsümdə rayonda barama istehsalının 4 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar 38 kümçü ilə müqavilə bağlanılıb, onlara 1 kiloqram 556 qram ipəkqurdu paylanılıb. Artıq istehsalçılardan barama qəbuluna başlanılıb. Oğuzlu kümçülər ilk günlər “Şəki-İpək” ASC-yə 600 kiloqrama yaxın yaş barama məhsulu təhvil veriblər və tədarük prosesi davam edir.
Rayonun Xaçmaz kəndinin sakini Teymur Atakişiyev bu il həmkəndlisi Bəxtiyar Nəbiyevlə birlikdə 140 qram ipəkqurdu bəsləyib. Atakişiyevlər ailəsi cari mövsümdə 300 kiloqram barama istehsal etməyi planlaşdırır. Kümçü AZƏRTAC-a müsahibəsində baramaçılığın çox sərfəli və gəlirli sahə olduğunu, bu il barama istehsalından ailə büdcələrini ən azından 2500 manat artıracaqlarını bildirib.
Baramaçılığın gələcək inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə ötən ilin payızında Oğuz rayonunun ərazisində 9 hektar sahədə yeni tut (çəkil) bağları salınıb, əraziyə 33 min ədəd tut tingi əkilib. Yeni salınan bağların məhsuldarlığı artdıqca, rayonda barama istehsalının daha da yüksələcəyi gözlənilir.