CƏMİYYƏT
Oğuz meşəsində baş verən yanğın söndürülüb
Bakı, 26 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Oğuz Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 7 saylı dolayında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisənin ciddiliyini nəzərə alaraq nazirliyin müvafiq qurumlarının əməkdaşları fövqəladə iş rejiminə keçərək yanğın baş verən gündən hadisə yerindədirlər. ETSN və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının fədakarlığı, şücaəti və ciddi səyləri nəticəsində çətin şəraitdə əl əməyindən və texnikadan istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın gecə saatlarında söndürülüb. Hazırda yanğın baş vermiş ərazidə közərtilərin tam olaraq söndürülməsi üçün profilaktik tədbirlər həyata keçirilir. Yanğının başvermə səbəbləri və dəymiş ziyan hesablanır.
Mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, baş verən yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların odla ehtiyatsız davranışı, taxıl biçininin yekunlaşmasından sonra biçənəklərə od vuran fermerlərin etinasızlığından, həmçinin son vaxtlar “təbiətsevərlər”, “təbiət dostları” adı ilə meşələrdə müəyyən vəsait müqabilində turlar təşkil edən, lakin təbiətə münasibətdə adi normalara əməl etməyən primitiv düşüncəli bir qrup şəxsin lovğa və özündənrazı hərəkətlərindən irəli gəlir. Belələri Azərbaycan meşələrinin zibilləndirilməsində və yanğınların törədilməsində bilavasitə günahkardırlar. Bu cür şəxslər və qruplara qarşı qanunun gücündən istifadə olunaraq yeni qaydalar hazırlanıb və qısa zamanda onların cəzalandırılması üçün istifadə ediləcək.
Məlumatda qeyd olunur ki, təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşlar yarana biləcək fəsadları hesablamırlar. Nəzərə almırlar ki, belə məsuliyyətsiz addımlar nəticəsində hektarlarla meşə örtüyü ani vaxt içərisində yanıb kül olmaq təhlükəsi ilə üzləşə bilər.