REGİONLAR
Oğuz rayonu Bilik evinin tələbələri və gənc müəllimləri ilə görüş
Bakı, 21 fevral, AZƏRTAC
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Oğuz rayonu üzrə Bilik evinin tələbələri və gənc müəllimləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Bilik evinin direktoru Anar Məcidov Oğuzun fəal gəncləri ilə görüşə gəldiyi üçün deputat Aqiyə Naxçıvanlıya təşəkkürünü bildirib. Sonra Anar Məcidov Bilik evinin fəaliyyəti, əldə etdiyi nailiyyətlər, yeni açılan qruplar barədə məlumat verib.
Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı görüşdə erməni quldurlarının 25 il əvvəl törətdiyi Xocalı soyqırımından, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılan nailiyyətlərdən, 2016-cı ilin aprel döyüşlərində düşmən üzərindəki qələbədən, həmçinin Cocuq Mərcanlı kəndinin bərpasından, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından söz açıb.
Gənclərdə vətənpərvərlik hissinin onların ailəsinə, ətrafına münasibətindən başladığını qeyd edən deputat bu ruhda böyüyən gənclərimizin gələcəkdə daha böyük uğurlara imza atacağından şübhə etmədiyini bildirib.
Tələbələrin ixtisas seçimi ilə bağlı suallarına cavab verən Aqiyə Naxçıvanlı deyib: “Sizcə bu gün bizə daha çox müəllim ixtisasına yiyələnmək lazımdır, yoxsa kənd təsərrüfatı mütəxəssisi ixtisasına? Oğuza jurnalistikanı bitirmiş gənc daha çox xeyir verə bilər, yoxsa həkim ixtisasını? Bəli, bu misalları çox çəkmək olar. Gənclər gərək ixtisas seçimində diqqətli olsunlar. Artıq peşəyönümlü ixtisaslara meyil etməyin vaxtı çatıb. Bu gün bizə yaxşı çilingərlər, aqronomlar, tikinti ustaları, qaynaqçılar, aşpazlar, turizm mütəxəssisləri, avtomobil ustaları lazımdır. Hamı ali təhsil almaq məcburiyyətində deyil, hər kəs öz bacarığına, qabiliyyətinə uyğun sahələrə meyil etməlidir”.
“Sizi Komitə sədri kimi ən çox narahat edən nədir” sualına isə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı belə cavab verib: “Birinci növbədə erkən nikahlar, ikinci bizim milli dəyərlərimizə zidd olan qeyri-rəsmi nikahlar, üçüncü isə boşanmalardır. Bunlar hamısı valideynlərin öz övladları üzərində nəzarətsizliyi, cəmiyyətin bu cür hallara laqeyd qalması, gənclərin vaxtında və düzgün istiqamətləndirilməməsi nəticəsində ortaya çıxan problemlərdir. Düzdür, burada xarici faktorların da rolu az deyil - sosial şəbəkələr, xarici telekanallar və s. Ancaq düşünürəm ki, əsas problemi özümüzdə axtarmalıyıq. Bizi digər millətlərdən fərqləndirən, əsrlərdən bəri formalaşmış yüksək milli-mənəvi dəyərlərimiz var. Ağsaqqal-ağbirçək nəsihəti dinləmək, böyüklərə, ata-anaya hörmət, onların bir sözünü iki etməmək kimi üstün cəhətlərimiz var. İmkan vermək olmaz ki, qloballaşan dünya bizim milli-mənəvi dəyərlərimizi əlimizdən alsın”.
Gənclərin fəal iştirak etdiyi görüşün sonunda Aqiyə Naxçıvanlı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.