REGİONLAR
Oğuz rayonunun 34 yaşayış məntəqəsindən 20-si təbii qazla təmin olunub VİDEO
Oğuz, 4 may, Mustafa Dadaşov, AZƏRTAC
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, respublikamızın digər rayonları kimi, Oğuz rayonunun yaşayış məntəqələrinin də mərhələli şəkildə qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, mayın 4-də rayonun Tərkeş kəndinə ilk dəfə təbii qaz verilib.
Doxsan dörd abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 min 947 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə diqqətə çatdırılıb ki, cari ilin əvvəlindən rayonun 3 kəndinə “mavi yanacaq” verilib. Hazırda rayonun 34 yaşayış məntəqəsindən 20-si təbii qazla təmin olunub. Əhali abonentləri üzrə qazlaşma 75 faiz təşkil edir. Daha 3 kəndin qazlaşdırılması istiqamətində iş aparılır. Tezliklə bu kəndlərə də təbii qazın verilməsi təmin ediləcək.
Kənd sakinləri çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılşını bildirən məşəl alovlandırılıb.