REGİONLAR
Oğuz və Şəkidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə yeni fərdi evlər verilib VİDEO
Şəki, 13 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, aprelin 13-də Oğuz rayonunda 5, Şəkidə isə 2 fərdi yaşayış evi bu təbəqələrə aid vətəndaşlara təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirlərdə ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinin, o cümlədən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının başlıca hədəflərindən biri olduğu vurğulanıb.
Tədbirlərdə iştirak edən əlil ictimai birliklərinin və ictimaiyyətin nümayəndələri dövlətimizin başçısının əhalinin sosial müdafiəsinin etibarlı təminatı məqsədi ilə həyata keçirdiyi siyasətdən, imzaladığı fərman və sərəncamlardan danışıblar.
Fərdi evlə təmin edilən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri onların hərtərəfli təminatına, həyat şəraitlərinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Nazirlikdən verilən məlumata görə, təkcə cari ilin ötən dövründə 12 rayonda 51 fərdi yaşayış evi, həmçinin Abşeron rayonunda hazır yaşayış binalarından tender yolu ilə alınaraq təmir edilmiş 53 mənzil istifadəyə verilməklə, ümumilikdə, 104 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bakıda və ölkənin regionlarında Qarabağ müharibəsi əlili və şəhid ailələri üçün həm çoxmənzilli, həm də fərdi yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.