REGİONLAR
Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 515 min manat güzəştli kredit verilib
Bakı, 20 iyul, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iyulun 20-də Oğuz rayonunda keçirdiyi forumda müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 515 min manat güzəştli kredit verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, fond tərəfindən Oğuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, tütünçülük, üzümçülük, bağçılıq və arıçılıq təsərrüfatlarının, meyvəqurutma və pendir istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinın təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2215 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,6 milyon manat güzəştli kredit verilib.
Forumda vurğulanıb ki, Şəki-Zaqatala iqtisadi rayonu üçün ənənəvi sahələrdən olan tütünçülüyün inkişafına dövlət maliyyə dəstəyi göstərilir. Ümumilikdə, indiyədək tütünçülüyün inkişafı ilə bağlı 120-ə yaxın sahibkara 2,4 milyon manatdan çox güzəştli kredit ayrılıb.
Tədbir çərçivəsində Oğuzda güzəştli kredit ayrılan tütünçülük təsərrüfatına və qarğıdalı əkini sahəsinə baxış keçirilib.