CƏMİYYƏT
Oğuzda “İslam Həmrəyliyi İli” çərçivəsində konfrans keçirilib
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Oğuz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yusif Naxçıvanski konfransı açaraq rayondakı sabit dini durum barədə məlumat verib. O, eyni zamanda, ölkəmizdə dini tolerantlıq, multikulturalizm ənənələrinin təbliği sahəsində görülən işlərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinin zəruriliyindən danışıb.
DQİDK sədrinin müavini Gündüz İsmayılov bildirib ki, bu gün Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz digər sahələrdə olduğu kimi, dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib. “Ancaq təəssüf ki, Azərbaycanın tərəqqisini qəbul edə bilməyən, milli dövlətçiliyimizə qarşı çıxan, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən, din pərdəsi altında gizlənən radikal qruplar da mövcuddur”, - deyə Gündüz İsmayılov vurğulayıb. Sədr müavini dindən siyasi məqsədlər üçün istifadəyə çalışan, insanları radikallığa çağıran, xalqımızın yüz illər boyu formalaşmış dözümlülük ənənələrinə, milli-mənəvi dəyərlərinə xələl gətirməyə çalışan qüvvələrə qarşı mübarizədə hər kəsin fəal olmasının zəruriliyini qeyd edib.
Sonra konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.