REGİONLAR
Oğuzda indiyədək 15 min hektar sahəyə taxıl səpilib
Oğuz, 30 noyabr, AZƏRTAC
Cari mövsümdə Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 17 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda səpin kampaniyası başa çatmaq üzrədir. Məhsul istehsalçıları bu günədək 15 min hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 9 min 500 hektarını buğda, qalanını isə arpa sahələri təşkil edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, səpin üçün ayrılan 3 min 360 ton yüksək reproduksiyalı toxumun 2 min 130 tonu rayonda fəaliyyət göstərən 7 özəl toxumçuluq təsərrüfatı tərəfindən istehsal olunub. Toxumun qalan hissəsini isə fermerlər digər toxumçuluq təsərrüfatlarından əldə ediblər.
Xatırladaq ki, 2015-ci ildə oğuzlu fermerlər 16 min 425 hektar taxıl sahəsindən 48 min 810 ton məhsul əldə ediblər. Taxıl istehsalı 2014-cü illə müqayisədə 15 min tondan çox artıb.