REGİONLAR
Oğuzda kənd təsərrüfatı idarəsinin inzibati binası istifadəyə verilib VİDEO
Oğuz, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 24-də Oğuz Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində kənd təsərrüfatı naziri Heydər Əsədov, rayon rəhbərliyi, kənd təsərrüfat üzrə mütəxəssislər və fermerlər iştirak ediblər.
Nazir Heydər Əsədov və rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra kənd təsərrüfatı naziri və tədbir iştirakçıları inzibati binada yaradılan şəraitlə tanış olub, baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıblar.
Kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanışlıq zamanı məlumat verilib ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Qeydiyyat İmtahan Məntəqəsi tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.
Nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və ətraf rayonlardan olan 117 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 3 milyon 897 min 964 manat məbləğində 210 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 1 milyon 493 min 840 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 56 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.