QAN YADDAŞI
Oğuzda soyqırımı qurbanlarının xatirəsi anılıb
Oğuz, 31 mart, AZƏRTAC
Oğuz Rayon İcra Hakimiyyətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri dəhşətli faciələrdən ətraflı bəhs olunub. Bildirilib ki, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi var. Bu siyasət nəticəsində yüz minlərlə günahsız soydaşımız qətlə yetirilib. Ermənilərin bu təcavüzkar siyasəti indi də məqsədyönlü şəkildə davam etdirilir.
Çıxış edənlər 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, soyqırımına məruz qalmasını XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildiriblər.
Ermənilərin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib. Hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.