REGİONLAR
Oğuzda taxıl zəmilərinin hər hektarından orta hesabla 23,5 sentner məhsul götürülür
Oğuz, 6 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Oğuz rayonunda 17 min 259 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda taxıl biçininin qızğın çağıdır. Bu günədək 8 min hektardan çox zəminin məhsulu biçilib, 19 min tona yaxın taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 23,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-a Oğuz Rayon İcra Hakimiyyəti aparatının məsul nümayəndəsi Qəmzə Süleymanova məlumat verib.
İcra hakimiyyəti təmsilçisinin bildirdiyinə görə, rayon üzrə taxıl biçininə 37 kombayn cəlb edilsə də, son günlər biçinin sürətinin artması ilə əlaqədar olaraq əlavə kombaynlara ehtiyac yaranıb. Artıq bu məsələ müsbət həllini tapıb və qonşu rayonlardan əlavə olaraq bir neçə ədəd taxılbiçən kombayn gətirilib.