REGİONLAR


Oğuzlu fermerlər bu il 200 hektar sahədə tütün əkiblər

Oğuz, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Cari ildə Oğuz rayonunun təsərrüfatlarında 200 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 14 dəfədən çox artıb. Oğuzlu fermerlər bu il 31 hektar sahədə “Virciniya” növlü ətirli, 169 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütünün yığılması və qurudulması işləri mütəşəkkil qaydada davam etdirilir. Fermerlər bu günədək sahələrdən 36 ton “Virciniya” növlü yaşıl tütün kütləsi toplayaraq qurudulması üçün “İnter-Tobacco” MMC-nin Şəkidə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil veriblər. Bundan əlavə, oğuzlu fermerlər indiyədək yetişdirdikləri yerli tütün sortlarından 6,4 ton quru tütün də istehsal ediblər.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

Ötən il Oğuz rayonunda tütünçülüklə 3-4 ailə-fermer təsərrüfatı məşğul olurdusa, bu il belə təsərrüfatların sayı 17-yə çatıb.

Padar kəndindən olan fermer Qərib Yunusov ötən il 3 hektara yaxın sahədə tütün əkib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan fermer bu il tütün əkini sahələrini 4 dəfədən çox genişləndirərək 12 hektara çatdırıb. Fermerin dediyinə görə, əkin zamanı əsasən yerli tütün sortlarına üstünlük verib. Hazırda onun təsərrüfatında 13 nəfər mövsümi işlə təmin olunub.

Sahələrdən yığılan tütün ipə düzülərək qurudulur. Tütün açıq hava şəraitində qurudulduqdan sonra emal müəssisəsinə təhvil veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.