REGİONLAR
Oğuzlu fermerlərə növbəti yardımlar verilib
Oğuz, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamına uyğun olaraq, oğuzlu fermerlərə payızlıq və yazlıq bitkilərin əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına növbəti yardımlar verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Sərəncama uyğun olaraq Oğuz rayonu üzrə 4160 nəfər torpaq mülkiyyətçisinə 843 min 663 manat məbləğində yardım hesablanıb. Bu günlərdə yardımın 50 faizi, yəni 421 min 831 manatı plastik kartlar vasitəsilə məhsul istehsalçılarına ödənilib.
Oğuzlu fermerlər göstərilən köməyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun təsərrüfatlarında payızlıq taxıl səpini üçün şumun qaldırılması işi davam etdirilir. Fermerlər indiyədək 4 min hektar sahədə şum aparıblar.