REGİONLAR
Oğuzlu şagird: Yurdumuzun şəhərləri açıq səma altında muzeyi xatırladır
Gəncə, 27 mart, Rauf Hacıyev, AZƏRTAC
Yurdumuzun şəhərləri açıq səma altında muzeyi xatırladır. “Ölkəmizi tanıyaq” layihəsi Azərbaycanın nə qədər fərqli gözəlliklərə və zəngin mədəniyyətə sahib olduğunu mənə və bu tur-aksiyaya qoşulan bütün yoldaşlarıma bir daha sübut etdi. Gəncəyə gələrkən biz şəhərin girişində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinə həsr olunan kitab formalı 5 heykəlin yanından ötüb keçdik. Yaxınlıqda isə böyük filosofun qırmızı qranitdən ucaldılan möhtəşəm məqbərəsi və onun qarşısında yeni tikilən muzeyi görünürdü. Geniş düzənlikdən sonra qarşımızda açılan bu mənzərə mənə xoş təsir bağışladı. Burada yaradılan hər şey insana elmin və təhsilin ucalığını, mütaliənin isə faydalarını xatırladırdı. Bu, həm gəncəlilərin dahi şairə və onun hikmət xəzinəsinə - “Xəmsə”yə verdikləri dəyər, həm də bizim Gəncə şəhəri haqqında ilk təəssüratımız idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı, Oğuz rayonu Tərkəş kənd tam orta məktəbinin IX sinif şagirdi Şəbnəm Məcidli bildirib.
O deyib: “Bir neçə dəqiqədən sonra bizi Heydər Əliyev Park Kompleksindəki əzəmətli Zəfər tağının önündə şəhər ictimaiyyət nümayəndələri, eləcə də mahnı və rəqs kollektivləri qarşıladı. İki gün ərzində biz Gəncə şəhərinin tarixi və müasir tikililəri ilə tanış olduq. Şəhərin istər qırmızı kərpicli tarixi tikililəri, istərsə də müasir binaları olduqca gözəl idi. Gəncənin tarix boyu çoxsaylı qanlı vuruşların meydanı olduğunu və bu müharibələrdən nə qədər ziyan çəkdiyini öyrənmişdim. Amma burada müasir binalarla yanaşı, qədim abidələri də görəndə çox sevindim. Fikirləşdim ki, ulu babalarımız xalqımızın yaratdığı zəngin maddi-mədəni irsin gələcək nəsillərə çatdırılması üçün çox böyük qəhrəmanlıqlar göstərib, bu torpaq uğrunda canlarından keçiblər. Ona görə də tariximizə hörmət və ehtiram, eyni zamanda, onu qorumaq gənclərin Vətən qarşısında ən müqəddəs borcudur”.