QAN YADDAŞI
Oğuzlular 20 Yanvar şəhidlərinin xatirəsini yad etmişlər VİDEO
Oğuz, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü Oğuz rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi və şərəf günü kimi geniş qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Oğuz şəhərindəki Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə 20 Yanvarın xalqımızın qan yaddaşına əbədi həkk olunduğu qeyd edilmişdir. Bildirilmişdir ki, həmin vaxtdan 24 il ötsə də, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi planlı terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaqdır. Həmin gün milli azadlığı, ərazi bütövlüyü uğrunda inamla mübarizəyə başlayan xalq kütləvi terrorla üz-üzə qalmış, yüzlərlə insan sovet rejiminin ən ağır cinayətlərindən birinin qurbanı olmuş, yaralanmış, itkin düşmüşdür. Çıxışlarda vurğulanmışdır ki, nə qədər ağrılı, acılı olsa da, 20 Yanvar günü həm də şərəf tariximiz, 20 Yanvar şəhidləri qürur yerimizdir. Azərbaycan məhz öz vətənpərvər oğul və qızlarının rəşadəti sayəsində uzun illər həsrətində olduğu müstəqilliyinə, azadlığına qovuşmuşdur.
Anım mərasimində məktəblilərin ifasında 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Mərasim iştirakçıları daha sonra xiyabanda uyuyan şəhidlərin məzarlarını ziyarət etmiş, üzərinə qırmızı qərənfillər düzmüşlər.
Həmin gün məscidlərdə şəhidlərin ruhuna dualar oxunmuşdur.