REGİONLAR
Oğuzun taxıl sahələrində məhsuldarlıq ötən illə müqayisədə iki dəfədən çox artıb
Oğuz, 2 avqust, AZƏRTAC
Cari mövsüm Oğuz rayonunun taxılçıları üçün çox uğurlu olub. Taxıl biçini dövründə oğuzlu fermerlər 16 min 425 hektar taxıl sahəsindən 48 min 810 ton məhsul götürüblər. Taxıl istehsalı 2014-cü illə müqayisədə 15 min tondan çox artıb. Tədarük olunan məhsulun 28 min 591 tonu buğda, 20 min 49 tonu arpa, 170 tonu isə vələmirdir. Hər hektardan orta məhsuldarlıq ötən ilə nisbətən 2 dəfədən çox artaraq, 29,7 sentner təşkil edib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, rayonun toxumçuluq təsərrüfatlarına məxsus sahələrdə bu il məhsuldarlıq daha yüksək – hər hektar üzrə 50-60 sentner olub. Hazırda rayonda 7 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Cari mövsümdə bu təsərrüfatlar tərəfindən 4 min tona yaxın təmizlənməmiş toxum tədarük olunub. Təmizləndikdən sonra isə həmin toxum ehtiyatı payız səpinində istifadə ediləcək.