DÜNYA


Okinava prefekturası Futemma aviabazasının köçürülməsi ilə bağlı məhkəmə işini uduzub

Tokio, 21 dekabr, AZƏRTAC

Yaponiya Ali Məhkəməsi Okinava prefekturasında yerləşən ABŞ hərbi aviabazasının yerinin dəyişdirilməsi barədə prefekturanın xeyrinə olmayan qərar qəbul edib.

Xəbər verdiyimiz kimi, Okinava prefekturasının qubernatoru Takeşi Onaqa Naqo şəhərinin Henoko rayonunda ABŞ-ın dəniz piyadaları korpusu üçün nəzərdə tutulan yeni aviabazanın inşası ilə əlaqədar torpaqtökmə işlərinin aparılması barədə qərarı ləğv etmişdi.

Prefekturanın və mərkəzi hökumətin nümayəndələri arasında məsələnin həlli ilə bağlı cari ilin martında razılıq əldə olunmuşdu. Həmin razılığa əsasən, hökumət Henokoda aparılan işləri dayandırmış və prefekturanın hakimiyyət orqanlarına yuxarıda qeyd olunan qərarın ləğv olunması barədə göstəriş vermişdi. Lakin prefekturanın hakimiyyət orqanları bu göstərişi yerinə yetirməkdən imtina etmiş və bundan sonra hökumət məhkəmə qarşısında yeni iddia qaldırmışdı.

Sentyabrda apelyasiya məhkəməsi Yaponiya hökumətinin xeyrinə qərar qəbul etmiş və bildirmişdi ki, həmin ərazidə işlərin dayandırılması barədə prefektura hökumətinin verdiyi qərar qeyri-qanunidir. Həmin qərarda qeyd edilir ki, aviabazanın yerinin dəyişdirilməsi problemin həlli üçün yeganə düzgün variantdır. Bundan sonra prefektura hökuməti yeni apelyasiya şikayəti vermişdi.

Dekabrın 20-də Yaponiya Ali Məhkəməsi apelyasiya məhkəməsinin qərarını təsdiq edib. Artıq mərkəzi hökumət Futemma aviabazasının yerinin dəyişdirilməsi ilə bağlı işlərin bərpa edilməsi barədə göstəriş verib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.