SİYASƏT


Oklahoma ştatında Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

A+ A

Vaşinqton, 15 noyabr, AZƏRTAC 

Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndə heyəti Oklahoma ştatına səfər edib. Səfər çərçivəsində Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov Oklahoma ştatının vitse-qubernatoru Todd Lamb, senator Ceyms Lankford, Oklahoma Milli Qvardiyasının komandanı general Robbi Aşer və digər rəsmilər ilə görüşlər keçirib.

Vitse-qubernator Todd Lamb ilə görüş zamanı tərəflər Oklahoma ştatının Azərbaycan-ABŞ əməkdaşlığının genişlənməsi və dərinləşməsində xüsusi rolunu qeyd ediblər. Daha sonra səfir Elin Süleymanov T.Lambla müxtəlif sahələrdə, o cümlədən Prezident İlham Əliyevin şaxələndirmə siyasətinə uyğun olaraq kənd təsərrüfatı, enerji, səhiyyə, hava daşımalarının təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıb. Tərəflər Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri və Oklahoma Milli Qvardiyası arasında həyata keçirilən hərbi əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə toxunub, bu və digər sahələrdə əməkdaşlığın irəli aparılması üçün qarşılıqlı səfərlərin, akademik və biznes mübadiləsinin artırılmasının vacibliyini vurğulayıblar.

Senatda Respublikaçılar Partiyasını təmsil edən C.Lankfordla görüşdə Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Senator Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin Oklahoma Milli Qvardiyası ilə əməkdaşlığının genişləndirilməsinə dəstəyini ifadə edib.

Bir müddət əvvəl Azərbaycana səfər etmiş general R.Aşer ölkəmizin sürətli inkişafına və Bakının gözəlliyinə heyran qaldığını bildirib. Tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının inkişafında Oklahoma Milli Qvardiyasının mühüm rolunu, Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib, yeni əməkdaşlıq istiqamətləri və layihələri barədə fikir mübadiləsi aparıblar.

Səfir E.Süleymanov Oklahoma Universitetinin rəhbərliyi və müəllim heyəti ilə keçirilmiş “dəyirmi masa”da ölkəmizin apardığı siyasət, Azərbaycan-ABŞ əməkdaşlığının cari vəziyyəti və perspektivləri barədə geniş məlumat verib və çoxsaylı sualları cavablandırıb.

Sonra universitetin dünyanın ən qabaqcıl texnologiyasından istifadə edən enerji tədqiqatları laboratoriyasında səfirliyin nümayəndə heyətinə şiş neft və qazın hasilatı üsulları barədə elmi nailiyyətlər təqdim edilib. Səfir E.Süleymanov, həmçinin yerli radionun “Dünyagörüşü” verilişinə müsahibə verib və aparıcının Azərbaycanla bağlı suallarını cavablandırıb.

Oklahomaya səfəri çərçivəsində səfirliyin nümayəndə heyəti, həmçinin “General Elektrik” şirkətinin Qlobal Araşdırma Mərkəzinə baş çəkib və burada enerji sahəsində aparılan elmi tədqiqatların nailiyyətləri ilə tanış olub.

Oklahoma ştatı Azərbaycanın ABŞ ilə əməkdaşlığında, xüsusilə də hərbi sahədə əlaqələrin inkişafı sahəsində aparıcı rol oynayır. Bu ştat Xocalı soyqırımını tanıyıb. Bundan başqa, 2002-ci ildən Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Oklahomanın Milli Qvardiyası Azərbaycan Silahlı Qüvvələri ilə sıx əməkdaşlıq edir.

Nümayəndə heyətinə səfir E.Süleymanovla yanaşı, hərbi attaşe polkovnik İlham Əkbərov və birinci katib Vüqar Qurbanov daxil olub.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.