MƏDƏNİYYƏT


Oksana Rəsulova: Səhnə mədəniyyət, peşəkarlıq tələb etməklə yanaşı, gözəllik də tələb edir

A+ A

Bakı, 25 avqust, Flora Şükürova, AZƏRTAC

Hər zaman istedadlı və peşəkar sənətkarlara diqqət ayıran AZƏRTAC bu dəfə tanınmış rəqqasə və aktrisa Oksana Rəsulova ilə müsahibəni təqdim edir.

Sizi daha çox hind rəqslərinin peşəkar ifaçısı kimi tanıyırıq. Bu rəqslərə marağınız necə yarandı?

- Hind rəqslərinə marağım uşaqlıqdan yaranıb. Uşaq vaxtlarımdan hind filmlərini sevərək izləyirdim. Bilmirəm nədəndir, amma mən hind ab-havasını xoşlayıram. Hər zaman özümü bu əhval-ruhiyyədə hiss etmişəm.

Bu yaxınlarda Hindistanda müsabiqəyə qatılmısınız, yarışma neçə keçdi?

- Müsabiqə müəyyən qədər çətin oldu. Əvvəlcədən çox ciddi hazırlaşmışdım. Düzdür, müsabiqədə müəyyən əngəllər yaradılır, əgər sənətinin peşəkarısansa düşünürəm o əngəlləri aşa biləcəksən. Bu baxımdan nəticələrim uğurlu oldu. Məlum nailiyyətlərə sahib oldum.

Yaxşı rəqqasə olmaq üçün hansı kateqoriyalar əsas götürülür?

-Düşünürəm ki, ilk növbədə səhnə estetikası olmalıdır. Çünki səhnə mədəniyyət, peşəkarlıq tələb etməklə yanaşı, gözəllik də tələb edir. Bu baxımdan peşəkarlıqla ifaçılıq vəhdət təşkil etməlidir ki, sənətdə tanına biləsən.

“Sarı gəlin” mahnısına Şəkidə klip çəkdirmisiniz və klipdə milli rəqsimizi də gözəl ifa etmisiniz. Bu ənənəni davam etdirməyi düşünürsünüzmü?

_ Əlbəttə, düşünürəm. Mən əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm ki, bu klipin ərsəyə gəlməyinə görə mənə bu imkanı yaratdılar. Bu mahnının bir neçə triosu var, bizdə onun triosundan birini götürüb ona uyğun klip çəkdirdik. Mahnıda gözəl elementlər var. Məsələn, buta elementi, Qarabağ atı, milli xalçalarımız, Xan sarayı və başqa elementlər. Bununla bütün dünyaya bildirmək istəyirik ki, bu mahnı bizimdi. Hazırda bir klip də çəkdirməyi düşünürəm. Yeni çəkiləcək klipdə də digər milli elementlərdən istifadə olunacaq.

Siz aktrisa kimi də özünüzü sınamısnız. Hazırda yeni filmlərə çəkilmək üçün dəvət alırsınız?

-Hind rəqsinin ifaçısı kimi tanınsam da bu rəqsi ifa etmək, həm də aktyorluq tələb edir. Yəni rəqsdə olan səhnəcikləri tamaşaçıya yaxşı çatdırmaq üçün rəqqasda böyük məharət olmalıdır. 2012-ci ildə tanınmış aktyor Anupam Kxerin Bollivud məktəbində 6 ay aktyorluq kursu keçdim. Daha sonra 2014-cu ildə Hind “India's Best Cine Star Ki Khoj” Hindistanda keçirilən müsabiqə festivalının qalibi oldum. İlk dəfə “Zaman adlı qatar” filminə çəkildim. Filmin rejissoru Kənan Musayev məni aktyor kimi kəşf etdi. Görkəmli sənətkarlarımız Həmidə Ömərova, Ayaz Salayev, Könül Nağıyeva, Vüsal Murtuzalıyev kimi sənət adamları ilə bir kinoda çəkilmişəm. Filmdə Həmidə xanım mənə çox dəstək oldu. Daha sonra rejissor Samir Kərimoğlunun “Şərq Qarışanda” filmində rol almışam. Orada 45 yaşlı qadın obrazını canlandırmışam. Bu filmdən mən müsbət rəylər aldım. Hazırda Murad Dadaşovun prodüserliyi ilə rejissor Toğrul Məmmədovun ekranlaşdırdığı “Bayram axşamı” filmində çəkilirəm. Orada mənim tərəf müqabilim gənc aktyorumuz İslam Mehrəliyevdir. Film ekranlara gələn il mart ayında çıxacaq. Yeni filmlərdə də çəkilmək üçün təkliflər almışam.

Başqa hansı xalqın rəqslərinə müraciət etməyi düşünürsüz?

- İspan, özbək rəqslərinə də marağım var. Əgər başqa rəqs təklifləri gələrsə o rəqsləri də qura bilərəm.

Gələcək planlarınız?

Oktyabr ayında Hindistana getməyi planlaşdırıram. Orada sənətimlə bağlı işlərim var. Qarşıda bir sıra mühüm layihələrim var ki, onlarla bağlı vaxtı çatanda açıqlamalar verəcəyəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.