REGİONLAR
“Oksfam” Beynəlxalq təşkilatı Azərbaycan nümayəndəliyi layihələrə dair illik forum keçirib
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Bakıda Böyük Britaniyanın “Oksfam” Beynəlxalq təşkilatı Azərbaycan nümayəndəliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılan “Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyini təkmilləşdirmək” və “Mərkəzi Azərbaycanda kənd yerlərinin inkişafı: çiyələk və tərəvəz dəyər zəncirlərinin təşkili üçün əlverişli şəraitin yaradılması yolu ilə kiçik fermerlərin dəstəklənməsi” layihələri çərçivəsində illik forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda bir sıra hökumət qurumlarının, beynəlxalq təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən “Oksfam” Beynəlxalq təşkilatı Azərbaycan nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə layihələrin əhəmiyyətindən danışıb, ölkədə kiçik fermer təsərrüfatının inkişafının önəmindən bəhs edib.
Forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Olaf Haydelbax, Milli Məclisin aqrar siyasət komitəsinin eksperti Zahid Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynur Veysəlova və başqaları çıxış edərək layihələri yüksək qiymətləndiriblər. Natiqlər ölkədə ərzaq təhlükəsizliyinin vəziyyətindən, kiçik fermer təsərrüfatının inkişafından, bu sahədə müşahidə olunan islahat meyillərindən, dövlət tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıdan danışıb, layihələrin ərzaq təhlükəsizliyinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Daha sonra layihələr barədə məlumat verilib, müzakirələr aparılıb. Bildirilib ki, hər iki layihə Avropa İttifaqının və “Oksfam”ın maliyyə dəstəyi ilə yerli təşkilatlarla birgə icra olunur.
2013-2017-ci illərdə həyata keçiriləcək “Azərbaycanda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyini təkmilləşdirmək” layihəsinin məqsədi milli ərzaq təhlükəsizliyi və qidalanmaya dair strategiyanın hazırlanmasına dəstək olmaq və kiçik fermerlərin iştirakı ilə bu işin təkmilləşdirilməsinə töhfə verməkdir.
2014-2016-cı illərdə həyata keçiriləcək “Mərkəzi Azərbaycanda kənd yerlərinin inkişafı: çiyələk və tərəvəz dəyər zəncirlərinin təşkili üçün əlverişli şəraitin yaradılması yolu ilə kiçik fermerlərin dəstəklənməsi” layihəsi yerli çiyələk və tərəvəz istehsalının, xüsusilə toxumçuluğun inkişaf etdirilməsi istiqamətində istər hökumət, istərsə də özəl qurumların dəstəyi ilə əlverişli biznes mühitinin formalaşdırılmasına yardım məqsədi daşıyır.
Tədbirdə, həmçinin “Qadın üçün 16 gün” layihəsi çərçivəsində elan olunmuş məqalə və video müsabiqələrinin qalibləri mükafatlandırılıblar.