ELM VƏ TƏHSİL
Oksford Universitetində AMEA-nın doktorantı azərbaycanlıların və yəhudilərin soyqırımına məruz qalmalarından danışıb
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi və doktorantı Səid Musayev Oksford Universitetində “Qlobal antisemitizm” mövzusunda keçirilən beynəlxalq akademik təlimdə iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, ABŞ-ın Qlobal Antisemitizm Siyasəti Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Oksford Universitetində iki həftə davam edən təlimlərdə bu ölkənin Florida Talmud Kolleci, İsrailin Ben-Gurion, Təl-Əviv və Ban-İlan universitetlərinin, Texas Universitetinin Holakost Araşdırmalar Mərkəzinin, Oksford Universitetinin Yəhudişünaslıq Elmi-Tədqiqat İnstitutunun professorlarının mühazirələri dinlənilib. Alimlər dünyada artan müasir antisemitizm bəlasının nə qədər mürəkkəb olduğunu və bu sahədə elmi araşdırmaların aparılmasının vacibliyini vurğulayıblar.
İştirakçılar beynəlxalq təlimlər nəticəsində bu gün dünyada, o cümlədən Avropada, Yaxın Şərq ölkələrində müasir antisemitizm formalarının təzahürü kimi yəhudilərə qarşı zorakılıq, iudaizmə qarşı nifrət nitqləri və antiisrailçilik mövqelərinin tarixi keçmişi olduğu və bu sosial bəlanın teoloji, kulturoloji, ideoloji, hüquqi əsaslarının mövcudluğu barədə məlumatlandırılıblar.
S.Musayevin müsəlmanların çoxluq təşkil etdikləri Azərbaycanda yəhudilərin əmin-amanlıq mühitində yaşadığı, Azərbaycanla İsrail arasında yüksək səviyyədə tərəfdaşlığın mövcudluğu, habelə dağ yəhudilərinin tarixi, yəhudilər və azərbaycanlıların tarixlərinin oxşarlığı, hər iki millətin soyqırımına məruz qalması barədə təqdimatı müxtəlif ölkələrdən olan araşdırmaçı, professor və ekspertlərdə respublikamızla bağlı xüsusi təəssürat yaradıb.
Qlobal Antisemitizm Siyasəti Araşdırmalar İnstitutunun təsisçisi və icraçı direktoru Çarles Small Azərbaycanla bağlı eşitdiklərinin onu heyrətləndirdiyini və bu ölkəyə mütləq səfər etmək niyyətində olduğunu deyib.
Xatırladaq ki, S.Musayev hazırda “Rasizm, antisemitizm və radikallaşmaya qarşı insan hüquqları kontekstində mübarizə üsulları Avropa və Azərbaycanda” mövzusunda doktorluq işi yazır. Onun elmi rəhbəri AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlıdır.