REGİONLAR


Oktay Belli: Muxtar respublikanın ərazisindəki qalaları Azərbaycan türkünün tarixi möhürü də adlandırmaq olar

A+ A

Naxçıvan, 12 iyul, Rauf Əliyev, AZƏRTAC

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının keçirilməsini çox yüksək qiymətləndirirəm. Muxtar respublikanın ərazisindəki qalalar Naxçıvanın qədim türk yurdu olduğunu birmənalı şəkildə sübuta yetirir. Bu qalaları Azərbaycan türkünün tarixi möhürü də adlandırmaq olar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının iştirakçısı, Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oktay Belli deyib. O qeyd edib ki, Naxçıvandakı qalalar yüz illərə şahidlik edib. Onlar zirvələrdə səssiz dayanan tariximizdir. Ona görə də qalaların qorunması milli varlığımızın qorunması qədər əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikasındakı tarixi abidələrin, o cümlədən Naxçıvanqalanın, Əlincəqala kimi tarixə meydan oxuyan qəhrəmanlıq, yenilməzlik simvolu olan möhtəşəm qalanın bərpa edilməsi o qədər əhəmiyyətlidir ki, bunu sözlə ifadə etmək mümkün deyil. Çünki bu qalalar tariximizin əsaslı bir parçası olmaqla yanaşı, insanların vətənpərvər ruhda böyüməsində, şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayır. Bunları daim gündəmdə saxlamaq, qorumaq, bərpa etmək bizim tarix qarşımızdakı borcumuzdur.

Naxçıvanın dünya əhəmiyyətli abidələrlə zəngin bir diyar olduğunu vurğulayan Türkiyənin İstanbul Universitetinin müəllimi bildirib ki, son illər muxtar respublikada qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları türklərin mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir. Şərqi Anadoluda və Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qalalar, tapılan maddi-mədəniyyət nümunələri bir daha təsdiq edir ki, hər iki ərazidə mövcud olan qalalar eyni tikinti xüsusiyyətlərinə malikdir. Lakin Tunc və Erkən Dəmir dövründə əcdadlarımız tərəfindən yaradılan ən möhtəşəm qalalar Naxçıvan ərazisindədir.

Oktay Belli deyib: “Mən 1997-ci ildən bəri dəfələrlə Naxçıvanda olmuşam. Həmin illərdə Naxçıvan çətin günlərini yaşayırdı. Ancaq insanlar rəhbərləri ətrafında sıx birləşdilər, düşmənə qarşı birgə mübarizə apardılar, çalışdılar, necə deyərlər, zülmət qaranlıqlardan inkişafa doğru yol açdılar. Naxçıvan naminə, Azərbaycan naminə durmadan fəaliyyət göstərdilər və buna nail oldular. Bu gün Naxçıvan sürətlə inkişaf edir. Qədim diyar regionun parlayan ulduzuna çevrilib. Buna görə də mən qədim türk yurdu olan Naxçıvanla fəxr edirəm!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.