İQTİSADİYYAT
Oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri 8,9 faiz ucuzlaşıb
Oktyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 8,9 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 10 faiz, emal sənayesi üzrə isə 1,7 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, oktyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 10 faiz, metal filizlərinin hasilatı üzrə 4,5 faiz ucuzlaşma, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,2 faiz bahalaşma müşahidə olunub.
Hesabat dövründə emal sənayesi bölməsində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 7,2 faiz, neft məhsullarının istehsalı üzrə 2,2 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, kimya sənayesi üzrə 0,7 faiz ucuzlaşıb, avtomobil və qoşquların istehsalı üzrə 1,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,1 faiz, içki istehsalı üzrə 0,3 faiz, mebel istehsalı üzrə 0,2 faiz bahalaşıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə istehsalçı qiymətlərində isə heç bir dəyişiklik baş verməyib.