İQTİSADİYYAT


Oktyabrın 11-dən "Bank Standard"dakı qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanılacaq

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən, lisenziyası ləğv edilmiş "Bank Standard" Kommersiya Bankında qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə oktyabrın 11-i saat 10:00-dan etibarən başlanılacaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Bank Standard" Kommersiya Bankının əmanətçilərinin sayının çox olmasını və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilkin mərhələdə 20 min ABŞ dolları məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək.

Qorunan əmanətlər öz valyutasında ödəniləcək. Bir əmanətçinin bir neçə valyutada əmanəti olduqda yəni həm milli, həm də xarici valyutalarda əmanəti olduqda isə kompensasiyalar "Əmanətlərin Sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq toplanılır və sığorta hadisəsi baş verən günü (4 oktyabr 2016-cı il) rəsmi məzənnəyə müvafiq olaraq manatda ödənilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ictimaiyyəti əlavə məlumatlandıracaq.

Kompensasiyaların ödənişi "Bank Standard" Kommersiya Bankının baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçiriləcək.

"Bank Standard" Kommersiya Bankında qorunan əmanətlərin hamısı tam şəkildə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcək. Əmanəti qorunan əmanətçilər 1 il ərzində istənilən vaxtı müraciət edərək kompensasiyalarını ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.