DÜNYA


Oktyabrın 28-i Moldovada seçkiqabağı təşviqatın son günüdür

A+ A

Kişineu, 28 oktyabr, AZƏRTAC

Moldova Mərkəzi Seçki Komissiyası (MSK) elan edib ki, oktyabrın 30-da keçiriləcək prezident seçkiləri ərəfəsində bu gün, oktyabrın 28-i seçkiqabağı təşviqatın sonuncu günüdür.

AZƏRTAC MOLDPRESS agentliyinə və Moldova Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinə istinadla bildirir ki, seçkilər günü və ondan əvvəlki gün seçkiqabağı təşviqat qadağan edilib. MSK-nın məlumatında deyilir: “Bu günlərdə seçkiqabağı təşviqatla bağlı tədbirlər keçirilməsinə, müvafiq materialların işıqlandırılmasına, namizədlərin televiziya və radio verilişlərində görünməsinə icazə verilmir. Bundan əlavə, namizədlər “Seçki fondu” hesabı ilə bağlı əməliyyatlar apara bilməzlər”.

Göstərilən günlərdə təşviqat aparılması inzibati xəta sayılır və buna görə fiziki şəxslər 10-20 şərti vahid (200-400 ley), seçkilərdə namizədlər isə 40-50 şərti vahid (800-1000 ley) məbləğində cərimə olunur.

Moldovada birbaşa prezident seçkiləri oktyabrın 30-da keçiriləcək. Seçkiqabağı mübarizədə doqquz namizəd qalıb: Mixay Qimpu (Liberal Partiya), Yuriye Lyanke (Moldova Avropa Xalq Partiyası), Dumitru Çubaşenko (“Bizim Partiya”), Mayya Sandu (“Fəaliyyət və həmrəylik” partiyası, “Ləyaqət və həqiqət” platforması və Moldova Liberal-Demokrat Partiyası), İqor Dodov (Moldova Respublikası Sosialistlər Partiyası), Silviya Radu (müstəqil namizəd), Mayya Laquta (müstəqil namizəd), Anna Qutsu (“Sağlar” partiyası) və Valeriu Qletski (müstəqil namizəd).

Əgər seçkilərdə namizədlərin heç biri seçicilərin ən azı yarısının səsini toplamasa, iki həftədən sonra seçkilərin ikinci turu keçiriləcək. İkinci turda seçicilər birinci turda ən çox səs toplamış iki namizəddən birini seçəcəklər.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.