CƏMİYYƏT
Oleq Apolixin: Akademik Mirməmməd Cavadzadə Azərbaycanın tibb elmini layiqincə təmsil edib
Bakı, 3 iyun, Əziz Məmmədov, AZƏRTAC
Akademik Mirməmməd Cavadzadə sözün həqiqi mənasında böyük insan olub. O, müsbət auralı nurlu şəxsiyyət idi. M.Cavadzadə urologiya sahəsində gənc mütəxəssislərə kömək etməyə həmişə hazır idi. Müəllimlərimiz, o cümlədən mənim müəllimim, Rusiya Səhiyyə Nazirliyinin Elmi–Tədqiqat Urologiya İnstitutunun rəhbəri, uroloq və nefroloq Nikolay Lopatkin ona böyük hörmət bəsləyirdilər. M.Cavadzadə ilə N.Lopatkin dostluq edirdilər. İndiki nailiyyətlərimizin çoxunun əsası daha çox bu böyük alimlərin şəxsi münasibətləri, apardıqları birgə elmi tədqiqatlar sayəsində o vaxtlar qoyulmuşdu. Düşünürəm ki, səhiyyənin bu sahəsində indiki Rusiya–Azərbaycan münasibətlərinin əsasında da bu dostluq dayanır və həmin münasibətlər bundan sonra da güclənəcək.
Bu sözləri akademik Mirməmməd Cavadzadənin 90 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfransın iştirakçısı, Rusiya Səhiyyə Nazirliyinin reproduktiv sağlamlıq üzrə baş mütəxəssisi, N.A.Lopatkin adına Elmi-Tədqiqat Urologiya və İnterventiv Radiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Oleq Apolixin AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
O deyib: “Akademik Mirməmməd Cavadzadə Azərbaycanın tibb elmini dünyanın bir çox ölkələrində urologiyanın aktual problemlərinə dair müxtəlif forumlarda layiqincə təmsil edib. Məhz onun xidmətləri sayəsində Bakıda urologiya məsələlərinə həsr olunmuş bir sıra nüfuzlu elmi konfranslar keçirilib. O, Avropa Uroloqlar Cəmiyyətinin həqiqi üzvü, bir sıra xarici ölkələrin urologiya cəmiyyətlərinin və akademiyalarının müxbir üzvü və fəxri üzvü seçilib.