SİYASƏT


Oleq Kuznetsov: Ruben Kirakosyan erməni terrorizminin vəkilidir

Bakı, 11 avqust, AZƏRTAC

Avqustun 10-da rus tarixçisi Oleq Kuznetsovu müdafiə edən tanınmış moskvalı vəkil Elman Paşayev Eurasia Diary-də olub.

Bu yaxınlarda erməni lobbisi tərəfindən tarixçiyə qarşı təqibin yeni dalğası başladılıb.

Məlum olduğu kimi, Oleq Kuznetsovun erməni terrorizmindən bəhs edən “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabı ona qarşı məhkəmə iddiasının qaldırılmasına səbəb olub. Müəllif guya millətlər arasında ayrı-seçkilik salmaqda ittiham olunur.

Oleq Kuznetsovun işinin bütün hüquqi tərəfləri barədə vəkili Elman Paşayev Eurasia Diary-yə danışıb. Portal bu qondarma işin siyasi aspektləri barədə isə monoqrafiyanın müəllifi ilə söhbət edib. AZƏRTAC söhbəti təqdim edir.

-Avqustun 10-da rus istintaq orqanları ilə əlaqədar sizə hüquqi yardım göstərən vəkil Elman Paşayev bizim redaksiyada olub. Bu görüş sayəsində məsələnin hüquqi tərəfi az-çox bizə məlum oldu. İndi biz sizin məsələyə münasibətinizi öyrənmək istəyirik.

-İlk növbədə, mən bütün işlərimdə məni dəstəkləyən portalınıza təşəkkür edirəm. Hazırda ermənilər tərəfindən növbəti dəfə təqib obyekti olduğum zaman siz susmadınız və bundan yan keçmədiniz. Bütün bunlar mənim üçün çox xoşdur.

Bildiyiniz kimi, bu, Rusiya ermənilərinin məni siyasi mövqeyimə görə cinayət məsuliyyətinə cəlb etmək istədikləri ilk cəhd deyil. Buna görə də bu məsələlərdə müəyyən həyati və praktik təcrübə qazandıqdan sonra artıq onların hər hücumuna emosiyasız yanaşmağa öyrəşmişəm. Hamı bilir ki, hüquq mühafizə orqanlarının əməkdaşlarının maraq obyektinə çevriləndə vəziyyət heç kim üçün xoşagələn olmur. Lakin bu, o demək deyil ki, mən mübarizə aparmayacağam. Ağlıma Redyard Kiplinqin “Cəngəlliklər kitabı”ndan bir sitat gəldi. Ayı Balu itlərlə döyüşən Mauqliyə deyir: “Bu yaddaqalan ov olacaq!”. Bu gün məhz bu hissləri keçirirəm. Amma hələ ki, mən və təkcə mən deyil, Elman Paşayevin və rus, azərbaycanlı, yəhudi familiyalı bir neçə moskvalı vəkilin də daxil olduğu komandam da qazın ovçuya dönə biləcəyi anı gözləyirik. Bütün məsuliyyətimlə bəyan edirəm ki, bu işi başlayan erməni vəkil Ruben Kirakosyan bir müddət sonra öz xidmətlərinə görə Rusiya qanunvericiliyinə uyğun olaraq layiqli cavabını alacaq və Rusiyadakı heç bir erməni lobbisi, erməni mafiyasının pulu onun məsuliyyətdən qaçmasına kömək edə bilməyəcək.

-Fikrinizcə, sizi təqib etməkdə onların məqsədi nədir?

-Mən telepat deyiləm, buna görə də iyulun 10-da Rusiya İstintaq Komitəsinin vətəndaş qəbuluna gələrək məndən şifahi şəkildə şikayət edən Ruben Kirakosyan və onun tayfasını nəyin idarə etdiyini öyrənmək üçün onun beyninə girə bilmərəm. Bu görüşün bütün detalları mənə məlumdur. Kim nə danışıb, kim nə təklif edib, kim hansı cavabı alıb. Sentyabrın 10-da prosessual müddət başa çatır. Moskvanın qərb dairəsi üzrə İstintaq Komitəsinin xüsusi əhəmiyyətli işlər üzrə müstəntiqi A.Berlev bu şifahi müraciətin araşdırılmasının nəticələri ilə bağlı öz mövqeyini ortaya qoyacaq. Bundan sonra həm hüquqi, həm də siyasi meydanda görəcəyimiz işlər bizim üçün aydın olacaq. Vəziyyətin inkişafından asılı olaraq, bizim müdafiə və hücuma dair bir neçə planımız var və onlardan birini mütləq həyata keçirəcəyik.

Biz Ruben Kirakosyanın bəyanatına Rusiya Prezidenti Vladimir Putinin də tez-tez işlətdiyi yalnız bir “assimetrik cavab” verməklə kifayətlənməyəcəyik. Vəkil Elman Paşayevin də sizin portala bildirdiyi kimi, o, mənim monoqrafiyamı ABŞ-da maliyyələşdirəcək. İngilis dilində tərcüməsi artıq var və bu dildə ilk nəşri Berlində oldu. Lakin növbədə ABŞ-dır. Burada monoqrafiyam üçün ən yaxşı reklam onun Rusiya hüquq mühafizə orqanlarının tədqiqat predmeti olması olacaq. ABŞ-da antirusiya təşviqatı aparan qüvvələr az deyil. Ruben Kirakosyan isə onlara Kremlin üzərinə kölgə salmaq üçün növbəti səbəb verib. ABŞ-da az adam monoqrafiyamın həsr olunduğu erməni terrorizmi barədə düşünür. Hamı car çəkəcək ki, Rusiya hökuməti ermənilərin cinayətləri barədə həqiqəti yazan alimi təqib edir. Bu, mütləq baş verəcək və sonra baxacağıq Kirakosyanın Moskvada başına nə gəlir. Görəcəyik, o, daha çox itirəcək, yoxsa mən. Belə bir deyim var: “Külək əsdirən fırtınada boğular”. Amma mən əminəm ki, nə Kirakosyan, nə də onu idarə edən erməni oliqarxlar düşünməyiblər ki, vəziyyət bu ssenari üzrə inkişaf edər. Ssenari isə inkişaf edəcək, əsas məsələ ondadır ki, müstəntiqin qərarı necə olacaq və Rusiyaya ermənilər bu mənada hansı siyasi zərəri vermiş olacaq.

-Siz demək istəyirsiniz ki, hüquqi yox, siyasi təqibin qurbanısınız?

-Gəlin, böyük sözlərsiz və pafossuz ötüşək. Son illər erməni lobbisi tərəfindən həmişə siyasi təqibə məruz qalmışam, hüquqi təqibdən isə hələ ki, söhbət getmir. Müstəntiq mənim fikrimcə, hələ ki, öz işini düzgün və peşəkarcasına görür. Nəticələri bir aydan sonra biləcəyik. O vaxta kimi isə hər hansı qiyməti vermək düzgün olmaz. Bu, istintaq prosesinə təzyiq kimi görülə bilər. Buna görə də bu barədə bir söz deməyəcəyəm. Lakin onu deyim ki, söhbətimiz zamanı Aleksandr Alekseyeviç Berlev məndə güclü təəssürat yaratdı. Müstəqil və peşəkar müstəntiqdir. Lakin bir ay sonra hər şey dəyişə bilər.

Məsələnin siyasi tərəfinə gəldikdə isə ermənilərin mənə qarşı olan iddiaları ilk baxışdan göründüyü kimi aydın deyil. Səbəb daha dərində, onların ədalət anlayışını yanlış qavramasında yatır. Heç kim üçün sirr deyil ki, bütün ermənilər özlərini ən qədim xalq hesab edir və sivilizasiyanın ali təbəqəsinə məxsus olduqlarını düşünürlər. Buna görə də onlara ünvanlanmış istənilən tənqidi prinsip etibarilə qəbul etmir və kollektiv maraqlarına uyğun hesab etdikləri istənilən cinayəti isə haqq işi sayırlar. Məhz buna görə törətdikləri terrorizmi qəhrəmanlıq, terrorçuları qəhrəman, məni isə düşmənləri hesab edirlər. Odur ki, mənim simamda düşmən görməklə yalnız öz erməni terrorizmini müdafiə etmir, eləcə də öz şüuraltılarında terrorizmi siyasi məqsədlərini və ya milli maraqlarını həyata keçirərkən haqlı olduqlarını düşünürlər. Ona görə də məsələ məndə deyil, Ruben Kirakosyan əsas etibarilə ermənilər tərəfindən düşünülmüş cəzasız terrorçu olma hüququnu müdafiə edir. Bütün dünyanın bu hüququ qəbul etməməsi və etməyəcəyi onlara maraqlı deyil.

Bu mövzuda hətta mənim əleyhimə istintaqa qədərki yoxlamanı aparan Ruben Kirakosyanın da bilmədiyi daha bir vacib məqam var: o, məni erməni terrorizmi barədə həqiqəti dediyim üçün cəzalandırmağa çağırıb. Rusiyanın “Ekstremist fəaliyyətə qarşı mübarizəyə dair” federal qanununun 2-ci maddəsinin 1-ci bəndinə görə bu, ekstremist fəaliyyətin əlamətlərindən biri sayılır və yoxlama başa çatan kimi mən Kirakosyanı ekstremist fəaliyyətdə günahlandıracağam. O zaman onun dediyi hər şey və sənədləşdirilən bütün sözləri fikrimcə, artıq ittiham olunması üçün sübut kimi istifadə ediləcək. O, dava istəyirdi, onu görəcək, bizim heç birimiz bu vəziyyətdə uduza bilmərik. Bütün maskalar çıxarılanda “həqiqət anı” gəlir. Mən məhkəmədə Ruben Kirakosyanı ictimai şəkildə “erməni terrorizminin vəkili” adlandıracağım günü gözləyirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.