Oleq Radçenko: A.S.Puşkin İnstitutunda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılacaq
Bakı, 8 dekabr, AZƏRTAC
Biz A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin açılışına dəvət etdiyinə görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə çox təşəkkür edirik. Bu mərkəz ali məktəblərimizin rektorları arasında razılaşma əsasında yaradılıb. Rusiya Federasiyası Təhsil Nazirliyinin himayəsi ilə həyata keçirilən həmin proqram rus dilini və mədəniyyətini dünyada təbliğ edən, rus dilinin inkişafına və tədris fənni kimi saxlanılmasına kömək edən təşkilatlarla əlaqələrin genişləndirilməsinə yönəldilib.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun Linqvodidaktika, Dil Testləşdirmə və Miqrasiya Siyasətinə Yardım Mərkəzinin direktoru Oleq Radçenko söyləyib.
O bildirib ki, Mərkəzin bazasında xarici dil kimi rus dili üzrə müxtəlif test növlərini inkişaf etdirmək planlaşdırılır. Bu, A.S.Puşkin adına İnstitut tərəfindən aparılan sertifikatlı dövlət sınağıdır. Burada iki dildən eyni dərəcədə istifadə edən uşaqlar üçün sınaqlar, peşə ixtisasının artırılmasına dair müxtəlif tədbirlər, Azərbaycan Dillər Universitetinin əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi və s. tədbirlər də həyata keçiriləcək.
“Bundan əlavə, biz ali məktəblərimizin tələbələri arasında əlaqələrin genişlənəcəyinə, tələbə və müəllimlərimizin qarşılıqlı səfərlərinin təşkil ediləcəyinə də çox ümid bəsləyirik. Cavab addımı kimi, gələn ilin aprelində A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılacaq”,- deyə O.Radçenko fikrini tamamlayıb.