İDMAN
Olimpiadaya vəsiqə verən I Dünya təsnifat turnirində ikinci gün
Bakı, 23 aprel, AZƏRTAC
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri davam edir.
Qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından bildiriblər.
Turnirin ikinci günündə qadın güləşçilər mübarizə aparır. Azərbaycanın idman şərəfini 69 kq çəki dərəcəsində mübarizə aparan Gözəl Zutova təmsil edir. Təmsilçimiz 1/8 final mərhələsində Rumıniya güləşçisi Adina Elena Popescu üzərində 6:0 hesabı ilə qələbə qazanıb. Daha sonra isə 1/4 finalda Gözəl Zutovanın rəqibi Tamira Mariama Mensh (ABŞ) olacaq.
Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de-Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.