ELM VƏ TƏHSİL
“Olimpiya Hərəkatı-2017” məktəbdaxili yarışları fevralın 16-da yekunlaşacaq
Bakı, 13 fevral, AZƏRTAC
“Olimpiya Hərəkatı-2017” idman proqramı çərçivəsində keçirilən məktəbdaxili yarışlar davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda paytaxtın 294 ümumi təhsil müəssisəsi üzrə 63 min 504 şagird iştirak edir. Sumqayıt, Göygöl və Gəncə məktəblilərinin də qatıldıqları yarışlar beş idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə keçirilir.
Məktəbdaxili yarışlar mərhələsində müvafiq federasiyalardan olan məşqçilər və hakimlər oyunlara nəzarəti həyata keçirir, şagirdlərə qaydaları izah edirlər.
Qeyd edək ki, məktəbdaxili yarışlar fevralın 16-da yekunlaşacaq. Martın 1-dən “Olimpiya Hərəkatı-2017” idman yarışının ikinci mərhələsi – rayondaxili yarışlar başlanacaq.
“Olimpiya Hərəkatı-2017” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdir.