İDMAN
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində keçirilən təlim-məşq maraqlı və faydalı olub VİDEO
Bakı, 22 yanvar, Səxavət Quliyev, AZƏRTAC
Yanvarın 22-də “Olimpiya Hərəkatı” proqramı çərçivəsində finala vəsiqə qazanan məktəb komandalarının basketbol 3x3 üzrə təlim-məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, Yasamal rayonundakı 18 nömrəli məktəbdə keçirilən tədbir Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi tərəfindən təşkil olunub.
Təlim-məşqlər idmanın bu növü üzrə Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanan 12 rayon komandasının yarışa hazırlığına dəstək məqsədi daşıyıb. Tədbir “Coca-Cola Azərbaycan” şirkətinin baş meneceri Cem Becel, basketbol üzrə milli komandamızın üzvü, proqramın ulduz idmançısı Amil Həmzəyev və Azərbaycan Basketbol Federasiyasının baş məşqçisi Tahir Baxşıyevin iştirakı ilə keçirilib. Məktəblilərdə bu idman növünə marağı artırmaq məqsədilə təlim-məşqə yeniyetmələrdən ibarət milli komandanın üzvləri də qatılıblar.
Əvvəlcə komandalar arasında yarışlar təşkil olunub. Yarışı izləyən Cem Becel, Amil Həmzəyev və Tahir Baxşıyev fasilə zamanı gənc basketbolçulara topla hərəkət və səbətə atışlar üzrə tövsiyələrini veriblər.
Daha sonra yeniyetmələrdən ibarət milli komandanın üzvləri uşaqlara nümunəvi oyun təqdim ediblər. Yarışın qaliblərindən ibarət komanda təşkil edən Cem Becel və Amil Həmzəyev digər iştirakçılar üçün ustad dərsi keçiblər.
Tədbirin sonunda komandanın kapitanları imzaladıqları topları xatirə hədiyyəsi kimi yarışda iştirak etmiş məktəblilələrə paylayıblar.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən Cem Becel proqramın 50 mindən artıq məktəblini əhatə etdiyini diqqətə çatdıraraq deyib: “Proqramın uğurlu icrası nəticəsində gələcəkdə milli komandalar üçün güclü idmançılar yetişə bilər. Həmçinin məktəblilərə sağlam və fəal həyat tərzi aşılamış oluruq”.
Olimpiya Hərəkatının məktəblilər arasından təbliğ olunmasının əhəmiyyətindən danışan Amil Həmzəyev idmanın bu növünün birinci Avropa Oyunlarından sonra ölkəmizdə daha da populyarlaşdığını diqqətə çatdırıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, ilk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya Hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan “Olimpiya Hərəkatı” proqramının icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının 350-dək orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edib. Proqram cari ildə “Bakı-2015” ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.
“Olimpiya hərəkatı” proqramının xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində layihənin icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq edilir.
Proqramın əsas məqsədi “Bakı-2015” ilk Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton üzrə keçiriləcək yarışlara cəlb etməkdir. “Olimpiya hərəkatı” proqramı çərçivəsində uşaqların bədən tərbiyəsi ilə müntəzəm məşğul olması valideynlərin aktivliyinin artmasına da müsbət təsir göstərir.