İDMAN


“Olimpiya hərəkatı” proqramı üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulub

Bakı, 5 iyun, AZƏRTAC 

Milli Olimpiya Komitəsinin (MOK), Təhsil, Gənclər və İdman nazirliklərinin, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı "Coca-Cola" şirkətinin birgə təşkilatçılığı ilə məktəblilərin ən böyük idman yarışı olan “Olimpiya hərəkatı” proqramı çərçivəsində respublika birinciliyinin final mərhələsinə iyunun 5-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, "Sərhədçi" İdman Olimpiya Kompleksində keçirilən bağlanış mərasimində çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məktəbliləri uğurlu nəticə münasibətilə təbrik edib. Ç.Hüseynzadə qeyd edib ki, idman ölkəsi olan Azərbaycanda bu proqram vasitəsilə məktəblilər arasında sağlam həyat tərzi geniş təbliğ olunur. O, Bakı ilə yanaşı, regionların da bu yarışlara qoşulmasından məmnunluğunu ifadə edərək, növbəti mövsümdə proqramın əhatə dairəsinin daha genişlənəcəyinə əminliyini bildirib.

Gənclər və idman naziri Azad Rəhimov “Olimpiya hərəkatı” proqramının respublikamızda böyük maraqla qarşılandığını qeyd edərək deyib: “Proqram elə böyük maraq doğurub ki, Azərbaycanın digər bölgələri və müxtəlif idman federasiyaları da bu layihəyə qoşulmağa cəhd edirlər. Şagirdlərin, yeniyetmələrin arenalarda uğurlu çıxışlarını görmək hər birimizi qürurlandırır. Qalib gələn komandaları təbrik edir və digər komandaları ruhdan düşməməyə, daim fəal olmağa çağırıram”.

Təhsil nazirinin müavini Firudin Qurbanov isə belə irimiqyaslı idman layihəsinin şagirdləri motivasiya etdiyini və sağlam həyat tərzinin məktəblilərdə təhsilə marağın artmasına səbəb olduğunu bildirib. O, “Olimpiya hərəkatı” proqramı çərçivəsində şagirdlərin idman növlərinin sirləri ilə yanaşı, dostluq, birlik və əzmkarlıq kimi mühüm prinsiplərə də yiyələndiklərini qeyd edib.

Sonra qalib komandaların mükafatlandırılması mərasimi keçirilib.

Qaliblərə mükafatları MOK-un vitse-prezidenti Ç.Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un baş katibinin müavini Azər Əliyev və Olimpiya çempionu Zemfira Meftahətdinova təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.