İDMAN
“Olimpiya hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu” mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Mətbuat Şurasında “Olimpiya hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Mətbuat Şurası və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkil etdiyi tədbirdə idman və qeyri-idman mətbuatının nümayəndələri iştirak ediblər.
Ölkəmizdə mətbuatın kifayət qədər inkişaf etdiyini bildirən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür “dəyirmi masa”ların mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, respublikamızda idman mətbuatının özünəməxsus yeri var. Hazırda bu sahə üzrə qəzet, jurnal və xəbər portalları fəaliyyət göstərir. Bu sahənin inkişafında Milli Olimpiya Komitəsinin əvəzsiz xidmətləri var. Bu, ilk görüşdür. Növbəti görüş idmançılar və nümayəndə heyətinin “Rio-2016” Yay Olimpiya Oyunlarına gedəcəyi ərəfədə olacaq. Üçüncü görüş isə Olimpiya Oyunları başa çatdıqdan sonra təşkil ediləcək.
İlk Avropa Oyunlarında 600 yerli jurnalistin yarışları yüksək səviyyədə işıqlandırdığını diqqətə çatdıran Ə.Amaşov ölkəmizdə idmana marağın böyük olduğunu diqqətə çatdırıb və idmançılarımızın Olimpiya Oyunlarındakı uğurlu çıxışlarını qeyd edib.
Milli Olimpiya Komitəsi ilə Mətbuat Şurasının əməkdaşlığının əhəmiyyətindən danışan MOK-un idarə rəisi Cəmaləddin Rəhmanov bu əməkdaşlığın təkcə Olimpiya dövründə deyil, bundan sonrada davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Yerli mətbuatda “Rio-2016” Yay Olimpiya və Paralimpiya Oyunları haqqında yetərincə məlumatlar gedir. Ancaq bu yazılarda ötən il ölkəmizdə təşkil olunan birinci Avropa Oyunları ilə uyğunlaşdırılma aparılmalıdır. Avropa mətbuatı “Bakı-2015”ə bir az qısqanc münasibət bəsləyir. Ancaq biz bu möhtəşəm yarışı və təşkilatçılığı unutdurmamalıyıq. İlk Avropa Oyunları ilə Olimpiya Oyunlarının formatı eynidir. Ancaq ilk Avropa Oyunlarının Azərbaycan standartları var idi”, - deyə C.Rəhmanov bildirib.
“Rio-2016”ya lisenziya qazanmış idmançılarla MOK-da görüşlərin təşkil olunacağını diqqətə çatdıran C.Rəhmanov bu tədbirlərin yerli mətbuat nümayəndələrinin atletlərlə birbaşa təmasda olmasına, onları maraqlandıran sualları cavablandırmağa imkan yaradacağını vurğulayıb. Qeyd edib ki, ilk Avropa Oyunlarında olduğu kimi, “Rio-2016” çərçivəsində MOK-da “Zəfər günləri” və “Açıq qapı” günləri təşkil olunacaq. Bu tədbirlər vasitəsilə yerli idman mətbuatına milli komandamızın Olimpiya Oyunlarındakı çıxışı barədə ətraflı məlumat veriləcək.
İdmançılarımızın Olimpiya Oyunlarındakı çıxışı barədə tədbir iştirakçılarına məlumat verən MOK-un vitse-prezidenti Xəzər İsayev ölkəmizdə idman mətbuatının inkişafı istiqamətində görülən işlərdən danışıb. Vitse-prezident Olimpiya Oyunlarının tarixi barədə tədbir iştirakçılarını məlumatlandırıb və Olimpiadaya ev sahibliyi edəcək şəhərin seçilməsi proseduru haqqında fikirlərini bölüşüb. İdmanda ədalətlilik prinsipinin vacibliyini vurğulayan X.İsayev ölkəmizin Dünya Ədalətli Oyunlar Hərəkatının fəal üzvlərindən olduğunu ifadə edib.
MOK-un aparıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev çıxışında deyib ki, böyük idman tədbirlərinə rəy verilərkən ilk növbədə mediada yayımlanan materialların təhlili aparılır. Buna görə də jurnalistlərimiz məsələyə həssas yanaşmalıdırlar. Həssaslıq peşəkarlıqdan keçir. İdman jurnalistikası isə müəyyən mənada konkret sahə jurnalistikası deyil. Hazırda vəziyyət elə gətirib ki, idmandan yazan jurnalist həm iqtisadiyyata, həm də digər sahələrə bələd olmalıdır. Çünki hansısa ölkədə böyük idman yaraşlarının keçirilməsinin mümkünlüyü dəyərləndirilərkən yalnız təşkilatçılıq məsələləri deyil, ərazinin xüsusiyyətləri, ekoloji durumu və sair cəhətlər mütləq qaydada nəzərə alınır.
Tədbirdə AZƏRTAC-ın Olimpiya Oyunlarını və irimiqyaslı idman tədbirlərini yüksək səviyyədə işıqlandırdığı xüsusi vurğulanıb. “Dəyirmi masa”da “İdmanda qadın”, “İdman və ətraf mühit” və “İdman hamı üçün” mövzularında müzakirələr aparılıb.
Tədbirdə idman mətbuatında mövcud problemlər və bu problemlərin həlli istiqamətində həyata keçiriləcək işlərin də müzakirəsi aparılıb.