İDMAN
Olimpiya və beşqat dünya çempionu Keti Teylor “Bakı-2015”də adını tarixə yazmaq əzmindədir
Bakı, 27 may, AZƏRTAC
İrlandiyalı boksçu, Olimpiya çempionu Keti Teylor birinci Avropa Oyunlarının internet səhifəsi üçün hazırlanmış videoçarxda “Bakı-2015”də adını tarixə yazmaq planını açıqlayıb.
“Bakı-2015”dən AZƏRTAC-a bildiriblər ki, K.Teylor qadınlar arasında boks yarışları tarixində ən çox medal qazanan idmançıdır. O, “London-2012”də qızıl medal qazanaraq Olimpiya çempionu olub. Beşqat dünya, altıqat Avropa birincisi olan 28 yaşlı idmançı Avropa İttifaqı çempionatının qalibi adını da qazanıb. O, adını tarixə yazmaq üçün Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını gözəl bir imkan hesab edir.
K.Teylor deyib: “Bu, ilk Avropa Oyunları olacağı üçün tarixi bir yarış xarakteri daşıyacaq. Mən belə mühüm idman yarışında boks üzrə ölkəmi təmsil etməyi, mübarizə aparmağı səbirsizliklə gözləyirəm. Bu, tam bir imtiyazdır və adımı tarixə yazmaq üçün daha bir imkandır”.
Bakıdakı yarışlarda mübarizə aparmağın unudulmaz hislər bəxş edəcəyini vurğulayan irlandiyalı boksçu deyib: “İdman haqqında məlumata, eyni zamanda, həqiqətən də güclü boks komandasına malik ölkəyə getmək hər zaman möhtəşəmdir. “Baku Crystal Hall”da ab-havanın heyranedici olacağını bilirəm”.
“Bakı-2015” birinci Avropa Oyunlarında yalnız bir məqsədinin olduğunu bildirən K.Teylor qeyd edib: “Bizim hamımız qızıl medala sahib olmaq üçün orada olacağıq. Lakin sadəcə bir nəfər qızıl medal qazanıb ilk pilləyə yüksələcək və mən həmin şəxs olmağı planlaşdırıram. Mən hər zaman ən yaxşı qadın boksçu olmaq istəyirəm”.