İDMAN


Olimpiyaçılarımız AZƏRTAC-a yarışlara hazırlıq prosesi və gözləntiləri barədə danışıblar VİDEO

A+ A

Bakı, 2 avqust, Elşad Qəzvini, AZƏRTAC

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımız AZƏRTAC-a müsahibəsində yarışlara hazırlıq prosesi və gözləntiləri barədə danışıblar.  

Rəsul Çunayev (Dünya və Avropa çempionu, I Avropa Oyunlarının qalibi, yunan-Roma güləşçisi): “Olimpiya hazırlığımız yüksək səviyyədədir. Məşqlərimizi bir neçə gün Braziliyada davam etdirəcəyik. Çalışacam ki, vətənimə qızıl medalla qayıdım. Komanda olaraq ümumi hazırlıq vəziyyəti də yüksəkdır”.

Marina Durunda (bədii gimnastika üzrə Azərbaycan çempionu, beynəlxalq yarışların mükafatçısı): “Olimpiya Oyunlarında iştirak etmək mənim üçün bir fəxr və uzun illərin arzusudur. Bu imkanı dəyərləndirib Braziliyada maksimum nəticə əldə etmək üçün bütün gücümü səfərbər edəcəm”.

Rövşən Bayramov (yunan-Roma güləşi üzrə ikiqat Olimpiya Oyunlarının gümüş mükafatçısı): “Hazırlıq ab-havası çox yüksəkdir. Olimpiya Oyunlarına ciddi hazırlaşmışıq. Xüsusi vurğulamaq istəyirəm ki, dövlətimizin başçısı, nazirlik və federasiya tərəfindən bizə hər bir şərait yaradılıb”.

Hicran Şərifov (Əməkdar məşqçi və Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim): “Ölkəmizi üçüncü dəfə Olimpiya Oyunlarında təmsil etmək qürurvericidir. İdmançılarımızın “Rio-2016”da bundan öncəki Olimpiya Oyunlarından da çox mükafat əldə edəcəyinə inanıram. Olimpiyaçılarımızın Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracağına əminəm”.

Cəmşid Xeyrabadi (yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi): “Komanda əla hazırlıq prosesi keçib. Ən azı beş medal hədəfləmişik. Amma unutmaq lazım deyil ki, Olimpiya Oyunları ən güclülərin meydanıdır. Güləşçilərimiz var gücləri ilə mükafat uğrunda mübarizəyə qoşulacaqlar. Biz Londondakı uğuru təkrarlamaq istəyirik”. 

Qeyd edək ki, Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın və Azərbaycan nümayəndə heyətinin avqustun 1-də Braziliyaya yolasalma mərasimi keçirilib.

İdmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunacaq yığma komandamız 206 iştirakçı ölkə arasında mükafat uğrunda mübarizə aparacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.