CƏMİYYƏT


Ölkə ərazisində heyvani xəstəliklərə dair aparılan son monitorinqin nəticələri açıqlanıb

A+ A

Bakı, 16 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ötən ay Azərbaycan Respublikası ərazisində apardığı araşdırmanın nəticələrini açıqlayıb.

AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, heyvani xəstəliklərin mövcudluğunu öyrənmək məqsədilə Zaqatala Dövlət Təbiət Qoruğu, Abşeron rayonunun Söyüdlər kəndindəki atçılıq fermasının ətraf ərazisi, Samur-Yalama Milli Parkı, Biləsuvar rayonu və Xəzər dənizində monitorinq keçirilib.

Xəzər dənizinin ixtiofaunasının müayinəsi zamanı Şıx çimərliyi ərazisində seromonitorinq aparılıb. Çimərlikdə 14 quş ekskrementi, iki balıq leşindən, həmçinin ovlanmış 3 baş qaşqaldaq və bir baş ördəkdən yaxma nümunələri götürülərək analiz edilib. Müayinələr zamanı heç bir infeksion xəstəliyə rast gəlinməyib.

Zaqatala Dövlət Təbiət Qoruğunda H1N1 və digər xəstəliklərin mövcudluğunu araşdırmaq məqsədilə tülkü, dovşan, cüyür, qaban, maral və quş ekskrementlərindən bionümunələr götürülüb. Ümumilikdə 12 baş heyvan və 9 baş quşdan əldə edilmiş 21 bionümunə Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyasında analiz edilib və heç bir infeksion xəstəlik aşkar olunmayıb. Qoruq ərazisində isə xəstə, halsız, ölü heyvan və quşlara rast gəlinməyib.

Abşeron rayonunun Söyüdlər kəndindəki atçılıq fermasının yaxınlığında at ekskrementlərindən 36 bionümunə götürülərək laboratoriyada epidemik və epizootik infeksion xəstəliklərin yayılması ilə əlaqədar müayinədən keçirilib. Nəticədə araşdırılan infeksion xəstəliklərin daşıyıcıları tapılmayıb.

Milli Parklar, qoruqlar, yasaqlıqlarda quduzluq xəstəliyinin qarşısının alınması üçün Milli Strategiyaya dəstək çərçivəsində Samur-Yalama Milli Parkında monitorinqlər keçirilib. Yoxlama zamanı Xaçmaz rayonu Qədəşoba kəndinin meşə zolağı ilə həmsərhəd olan ərazisində çaqqalların hücumuna məruz qalmış dörd baş heyvandan nümunələr götürülərək müxtəlif xəstəliklərin və quduzluğun mövcudluğu yoxlanılıb. Müayinələr zamanı yoluxucu xəstəlik və quduzluq virusu, o cümlədən milli parkın ərazisində xəstə, halsız, ölü heyvanlar aşkarlanmayıb.

Biləsuvar rayonunda quş qripinin mövcudluğunu yoxlamaq məqsədilə quş, ördək, qaz və ev toyuqlarından yaxma nümunələri götürülüb və Vəhşi Təbiətə Epidemioloji Nəzarət Laboratoriyasında bakterioloji analizdən keçirilib. Götürülən nümunələrdə heç bir infeksion xəstəliyə rast gəlinməyib.

ETSN-in dekabr ayında Azərbaycan Respublikası ərazisində apardığı monitorinqin nəticələrinə əsasən ölkədə ötən ay vəhşi təbiətin epizootik vəziyyəti sabit olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.