REGİONLAR
Ölkə fermerləri üçün aqrar sığortanın əsas prinsipləri təqdim olunacaq
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 28-də Qubadakı “Fermer evi”ndə fermerlər və fermer assosiasiyaları üçün aqrar sığortanın əsas prinsiplərini təqdim etmək məqsədilə görüş təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətindən bildirilib.
Görüşdə dünya təcrübəsi barədə məlumat veriləcək, kənd təsərrüfatında mövcud risklər, itkilər haqqında ekspert araşdırmaları dinləniləcək.
Kənd Təsərrüfatı Nazirliyi fermerlərin maliyyə mənbələrinə daha asan çıxışına kömək etmək üçün Azərbaycanda davamlı və dayanıqlı şəkildə fəaliyyət göstərəcək aqrar sığorta sisteminin qurulması məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq edir. Risklərin azaldılması ilə aqrar sığorta sisteminin sektorun stabilliyini təmin etməsi, məhsul itkisi ilə bağlı təzminatın ödənilməsinin fermerlərin müflisləşmə ehtimalını azaldaraq kreditlərini ödəmə imkanlarını artırması aqrar sığortadan başlıca gözləntilərdir.
Layihə Avstriyanın Maliyyə Nazirliyi və Macarıstanın İxrac-İdxal Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Görüşdə iştirak etmək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin saytında http://agrocredit.gov.az/az/events səhifəsində qeydiyyatdan keçə bilərlər.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin iştirak edəcəyi görüş Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə həyata keçirdiyi “Aqrar Sığorta Sisteminin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunacaq.