İQTİSADİYYAT
Ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat dəyərində ümumi daxili məhsul istehsal edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
2016-cı ilin doqquz ayında ölkə rezidentləri tərəfindən 43436,3 milyon manat və ya əhalinin hər nəfərinə 4512,5 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi daxili məhsulun 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3 faizi isə neft-qaz sektorunda istehsal edilib. Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1,8 faiz, sənayedə 1,0 faiz artıb, tikintidə 32,0 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,2 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,5 faiz azalıb.
Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-sentyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz azalmasına təsir edən əsas amil olub.