MƏDƏNİYYƏT
Ölkəmiz Bişkekdə beynəlxalq müsabiqədə təmsil olunub
Bakı, 29 iyun, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Bişkekdə Müstəqil Dövlətlər Birliyi ölkələrinin “Kitab sənəti” 13-cü beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclasında təmsil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, MDB iştirakçı-dövlətləri arasında hər il keçirilən müsabiqədə ölkəmizi qurumun kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova təmsil edib. Müsabiqənin əsas məqsədləri MDB iştirakçı-dövlətlərin kitab naşirlərinin beynəlxalq əməkdaşlığının genişləndirilməsi, üzv ölkələrdə kitab nəşriyyatı mədəniyyətinin və kitab sənətinin inkişafı, ən yaxşı nəşriyyat sistemlərinin populyarlaşdırılması, MDB respublikaları arasında maddi və mədəni dəyərlərin qarşılıqlı mübadiləsinin aktivləşdirilməsidir.
Əsasnaməyə uyğun olaraq, müsabiqəyə ötən il MDB məkanında nəşr edilmiş çap məhsulları təqdim olunub.
Ümumilikdə 10 nominasiya üzrə keçirilən müsabiqəyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən cəmi 18 kitab təqdim edilib ki, onlardan da 10 ədədi uşaq ədəbiyyatı olub.
Beynəlxalq müsabiqədə Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş kitab–kataloq "Birlik" nominasiyası üzrə birinci yerə (Mədəniyyət və Turizm Nazirliyinin nəşri), Qırğızıstan tərəfindən təqdim olunmuş Yunus Oğuzun 2 cildlik “Tamerlan” (“Əmir Teymur”) kitabı isə ikinci yerə layiq görülüb.
Bundan başqa, akademik İsa Həbibbəylinin "Azerbaijani Literature" kitab–albomu "Mədəniyyət dialoqu" nominasiyası üzrə qalib olub. T.Əhmədovun müəllifi olduğu "Mir Cəlal" kitabı isə "Elm və innovasiya" nominasiyası üzrə müsabiqənin ən yüksək mükafatını qazanıb. Həmçinin azərbaycanlı müəlliflərin bir sıra kitabları müxtəlif nominasiyalarda qalib olub.
Qeyd edək ki, müsabiqədə qalib gəlmiş kitablar cari ilin sentyabrında Moskva şəhərində keçiriləcək Beynəlxalq Kitab Sərgi-Yarmarkasında diplomlarla təltif olunacaq və həmin diplomlar sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinə təqdim ediləcək.