CƏMİYYƏT


Ölkəmizdə 3312 nəfər xroniki böyrək çatışmazlığından əziyyət çəkir VİDEO

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində (KTM) Azərbaycanda xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda KTM-in hemodializ şöbəsinin müdiri Mirhaşım Cəlalov hazırda Azərbaycanda 38 hemodializ mərkəzində 600 hemodializ aparatının 3312 xəstəyə xidmət etdiyini bildirib. Qeyd edib ki, bunlardan 1329-u Bakıda, 1983-ü regionlarda tam dövlət hesablı hemodializlə təmin olunub. Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramına uyğun olaraq, ötən il Ağsu, Göygöl, Biləsuvar və Qusar rayonlarında hemodializ şöbələri istifadəyə verilib.

Şöbə müdiri bildirib ki, Azərbaycanda hemodializlə müalicə alan xəstələrdən ən kiçiyinin üç, ən yaşlısının isə 85 yaşı var. Hazırda bu xəstəlikdən əziyyət çəkən yaşı 15-dək olan altı xəstə var. Xəstələr Səhiyyə Nazirliyi tərəfindən 71 adda dərman və tibbi ləvazimatlarla tam təmin olunurlar. “Xroniki Böyrək Çatışmazlığı” Dövlət Proqramı üzrə 719 nəfər böyrək köçürülmüş xəstə var ki, onlardan 54-nə böyrək köçürmə əməliyyatı cari ildə aparılıb. Həmin xəstələr 13 adda dərman preparatları ilə dövlət hesabına tam təmin olunurlar.

Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev bildirib ki, böyrək çatışmazlığından əziyyət çəkənlərin müalicə xərcləri tamamilə dövlət tərəfindən ödənilir. Onlar mütəmadi olaraq 71 adda dərmanla təchiz olunurlar. Bu xəstəlikdən əziyyət çəkən şəxslərin hər birinin müalicəsi üçün hər il dövlət tərəfindən 13-15 min manat məbləğində vəsait sərf olunur. Belə xəstələrin təxminən 28-31 faizi şəkərli diabetdən əziyyət çəkənlərdir.

Qeyd olunub ki, respublika xəstəxanalarında fəaliyyət göstərən dializ şöbələrində hər bir dializ aparatı üç növbə olmaqla iki gündə altı xəstəyə xidmət göstərir. Bəzi bölgələrdə əhalinin çoxluğu ilə əlaqədar müəyyən sıxlıqlar müşahidə edilir ki, bu zaman xəstələr yaxın rayonlarda yerləşən şöbələrə yönləndirilirlər.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.