CƏMİYYƏT
Ölkəmizdə ahıllara hər zaman xüsusi diqqət və qayğı var
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbirdə çıxış edərək deyib ki, respublikamızda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Beynəlxalq Ahıllar Gününün ölkəmizdə 1993-cü ildən qeyd olduğunu diqqətə çatdıran E.Abbasov xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman diqqət və qayğı ilə yanaşdığını, ölkəmizdə 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunun qəbul edildiyini bildirib. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirib ki, Qaradağda yaşayan ahıllar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Bu gün ahıllar, ağsaqqallar gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar.
Ahıllar adından çıxış edən Qaradağ rayon Ağsaqqallar Şurasının sədri Təhməz Abbasov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq edib.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 150 nəfər ahıla ərzaq yardımı edilib.