REGİONLAR
Ölkəmizdə dekorativ ağaclara tələbat artıb
Lənkəran, 14 fevral, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin cənub bölgəsi özünün sitrus bağları ilə məşhur olsa da, buranın təbiəti müxtəlif növ dekorativ ağacların becərilməsi və yerli şəraitə uyğunlaşdırılması baxımından da çox əlverişlidir.
AZƏRTAC xəbər verir ki, Lənkəranda Azərbaycan təbiəti üçün nadir sayılan dekorativ ağacların yetişdirildiyi təsərrüfatlardan biri Sütəmurdov kənd sakini Ələddin Hüseynovun təsərrüfatıdır.
Ə.Hüseynov fərdi təsərrüfatında adını yeni eşitdiyimiz və ilk dəfə gördüyümüz bir-birindən maraqlı və gözəl görünüşlü dekorativ ağaclar - aqava, kamelia, taksus, palma, küknarın müxtəlif növlərini əkib-becərir.
Təsərrüfat sahibi 20 ildən artıqdır ki, bu işlə məşğuldur, müxtəlif ölkələrdən gətirdiyi ağac növlərini illərlə artıraraq sayını çoxaldıb. Hazırda isə bu ağacların satışı ilə məşğuldur.
Bu gözoxşayan dekorativ ağaclar yeni salınan park və xiyabanların abadlaşdırılmasında, həyət və evlərə dizayn verilməsində geniş istifadə olunur.
Ə.Hüseynov deyib ki, ilin istənilən vaxtında dibçəkdə olan bu ağacları başqa yerə köçürmək mümkündür. Lakin, ağaclara ən çox tələbat əsasən yaz aylarında olur. Alıcı sarıdan isə onun problemi yoxdur: “Ölkəmizdə dekorativ ağaclara tələbat artıb. Bu ağaclara təkcə Bakı şəhərində deyil, respublikanın bütün bölgələrində çox böyük maraq var.”
Hazırda Ə.Hüseynovun təsərrüfatında 300-dən çox müxtəlif növ dekorativ ağac var. Bu ağacların qiyməti isə o qədər də baha deyil, növündən və ölçüsündən asılı olaraq 1 manatdan 25 manata qədərdir.