REGİONLAR
Ölkəmizdə dini radikalizmə qarşı mübarizə tədbirləri gücləndirilib
Qəbələ, 12 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Təəssüflə qeyd olunmalıdır ki, son zamanlar ölkəmizdəki tolerantlıqdan narahat olan əleyhdarlarımız müxtəlif vasitələrlə qeyri-ənənəvi radikal dini cərəyanları yaymağa cəhd edirlər. Bu kimi niyyətləri dövlətimiz və respublika ictimaiyyəti daim dəf edib. Baxmayaraq ki, etnik tərkibinin zənginliyinə görə respublikamız nadir ölkələrdəndir və bu, nəzərə alınaraq hadisə və proseslərin dövlət səviyyəsində tənzimlənməsinə nəzarət mexanizmi yaradılıb. Bu mexanizm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər əlaqədar dövlət qurumları tərəfindən tənzimlənir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Qəbələ rayonunun Vəndam qəsəbəsində “Dini radikalizmə qarşı mübarizə tədbirləri” mövzusunda keçirilən seminar-treninqdə səsləndirilib.
Tədbirdə komitənin, rayon icra hakimiyyətinin, Qafqaz Müsəlmanları İdarəsinin məsul işçiləri, dini icma sədrləri, din xadimləri, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov çıxış edərək bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktların icrasının təmin olunmasına nəzarət edilməsi, konfessiyalar arasında dözümlülük ənənəsinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyat keçirilir.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov qeyd edib ki, mütərəqqi və sivil dəyərlərə əsaslanan qanunvericilik bazamız ölkəmizdə vətəndaşın din azadlığını təmin edir. Lakin xarici dövlətlərin dini missioner təşkilatları din pərdəsi adı altında öz məkrli niyyətlərini həyata keçirməyə cəhd edə bilərlər. Bu kimi hallar Azərbaycan Respublikasının milli və dövlətçilik maraqlarına ziddir və belə halların qarşısı mütləq və qətiyyətlə alınmalıdır. Həm də unutmamalıyıq ki, hər bir dövlətin əsas funksiyası cəmiyyətdə baş verə biləcək dövlətçiliyimizə zidd halları əvvəlcədən görmək və onun qarşısını almaqdır. Bu baxımdan dövlətimiz kifayət qədər gücə və təcrübəyə malikdir.
Komitənin məsul əməkdaşı Namiq Talıbov seminarın keçirilməsində məqsədin dövlət-din münasibətlərinin daha səmərəli tənzimlənməsi, bu sahədə maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıdığını bildirib. Bu zərurətdən cəmiyyətdə dini ekstermizm hallarına, dini fanatizmə və dini radikalizmə qarşı mübarizə tədbirlərinin görülməsi, həmçinin dini etiqad azadlığının icra olunmasına dair qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində mühüm işlər görülür.
Seminar-treninqdə Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazisi Ceyhun Rüstəmov çıxış edərək, ölkəmizdə dini etiqad azadlığının təmin olunmasına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini bildirib.
Sonda iştirakçıların sualları cavablandırılıb.